Mərhum yazıçı-publisist Rafiq Tağının qardaşı İlqar Tağıyev prezident İlham Əliyevə müraciət edib.
Rafiq Tağı 2011-ci il noyabrın 19-u Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb, noyabrın 23-də müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.
Musavat.com-un məlumatına görə, İlqar Tağıyev dövlət başçısına müraciətində xatırladıb ki, qardaşının ölümündən sonra İlham Əliyev cinayətin operativ və obyektiv araşdırılması, qatillərin tez bir zamanda tapılaraq qanunla mühakimə olunması barədə göstəriş vermişdi. Lakin İlqar Tağıyev vurğulayıb ki, hadisədən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq istintaq orqanları dövlət başçısının göstərişini yerinə yetirməyib: “Nəinki qatillər tapılmayıb, hətta bir nəfər də olsun şübhəli şəxs qismində saxlanmayıb, xəstəxanada 3 gün ərzində qardaşımın sağlamlıq durumuna, yaşamaq şansına cavabdeh olmalı həkimlər heç bir məsuliyyətə cəlb edilməyib”.
Daha sonra İlqar Tağıyev bildirib ki, son iki ildə özü dələduzluqla üzləşib, mənzil şəraitini yaxşılaşdırmaq üçün verdiyi 100 min manat pulu 5 nəfərlik qrup saxta sənədləşmə yolu ilə mənimsəyib: “Nəticədə mən 2 ildir ki, mənzilsiz və maddi-mənəvi sıxıntılar içində qalmışam”.
İlqar Tağıyev müraciətində qardaşı Rafiq Tağının ölüm işini və özünün evsiz qalması hadisəsini araşdırmaq üçün dövlət başçısının nəzarəti altında müstəqil istintaq qrupunun yaradılmasını xahiş edib.