“Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da səhlənkarlıq edilir, yarımçıq icra olunur”. Prezident İlham Əliyev sentyabrın 27-si Sumqayıtda, Heydər Əliyev Mərkəzinin yeni binasında şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə belə deyib.
Dövlət başçısı qeyd edib ki, gələn ay Azərbaycan müstəqilliyin bərpasının 25 illiyini qeyd edəcək: “Bu 25 ilin 23 ili inkişaf, tərəqqi və dirçəliş illəri olub. 1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşanda digər müttəfiq respublikalar da müstəqillik əldə etmişdi və ilk iki il xalqımız üçün, dövlətimiz üçün çox ağır, faciəvi illər oldu. O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində, narahatlıq içində yaşayırdı. Azərbaycan xalqı cəmi bir il AXC-Müsavat cütlüyünün hakimiyyətinə dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi. Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və dünən (sentyabrın 26-da) keçirilmiş referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir. Bir daha onu göstərdi ki, Azərbaycan xalqı təhlükəsizliyi, sabitliyi, inkişafı, ləyaqəti və müstəqilliyi seçir.
Referendum bir daha bizim siyasətimizə xalqın böyük etimadının göstəricisidir. Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur. Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözükölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırıb”.
İlham Əliyev Azərbaycanın dünyada seçilən ölkələrdən olduğunu vurğulayıb: “Təhlükəsizlik təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, beynəlxalq nüfuz artır, ordu quruculuğu uğurla gedir. Aprel döyüşləri bir daha Azərbaycan ordusunun gücünü göstərdi. Baxmayaraq ki, dünyada iqtisadi böhran davam edir, Azərbaycan iqtisadi sahədə inamla inkişaf edir, bütün sosial layihələr icra olunur. Enerji siyasətimiz nəinki ölkəmiz üçün, regionumuz, dünya üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində lider dövlətdir. Biz nəhəng sənaye layihələrini icra edirik.
Bildiyiniz kimi, Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bax, budur bu gün Azərbaycan reallıqları. Xalq bu reallıqları yüksək qiymətləndirir və referendumun nəticələri məhz buna əsaslanır. Bizə gələcəkdə kimsə xaricdən nə isə diktə etmək istəyəndə iki dəfə fikirləşməlidir. Birincisi, biz heç kimlə diktat dili ilə danışmırıq. Bu yanaşmanı qəbul etmirik. İkincisi və ən önəmlisi, biz heç kimdən asılı deyilik. Bizim apardığımız siyasət bundan ibarətdir ki, ancaq öz gücümüzə arxalanaq, nə siyasi cəhətdən, nə maliyyə cəhətdən heç kimdən asılı olmayaq, heç kimə borclu olmayaq və öz taleyimizi özümüz həll edək.
Bu gün Azərbaycan reallıqları göstərir ki, müstəqillik illəri bizim üçün nə qədər qiymətlidir və nə qədər böyük xeyir gətirir. Heç vaxt tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmayıb. Biz tarixi yaxşı bilirik, müxtəlif dövrlərdə Azərbaycan ərazisində dövlətlər, müxtəlif ictimai idarəetmə formaları olub. Ancaq bugünkü dövr əsl müstəqillik dövrüdür. Heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir, inamla irəliyə gedirik və perspektivlər də çox açıqdır, aydındır. Biz bilirik nə istəyirik. Cəmiyyətdə Azərbaycanın inkişafı ilə bağlı fikir ayrılığı yoxdur və dünənki referendum bunu bir daha təsdiq etdi”.
Sumqayıtda görülən işlərdən söz açan dövlət başçısı deyib: “Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da səhlənkarlıq edilir, yarımçıq icra olunur. Mən dövlət işində işləyənləri məcbur edirəm ki, bu işləri görsünlər. Ancaq Sumqayıtda siz özünüz təşəbbüslər göstərirsiniz. Özünüz istəyirsiniz ki, Sumqayıt daha da gözəl şəhərə çevrilsin, daha da abadlaşsın.
Sumqayıtda infrastruktur layihələri uğurla icra edilir. Mənə verilən məlumata görə, qazlaşmanın səviyyəsi təqribən 100 faizə yaxındır. Şəhər əhalisinin 80 faizini fasiləsiz içməli su təminatı əhatə edir. Çalışmalıyıq ki, bu, 100 faizə çatsın. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Çünki mənim təşəbbüsümlə birinci böyük elektrik stansiyası Sumqayıtda tikilib və biz onun açılışını qeyd etdik. Gücü 525 meqavat olan bir stansiya o vaxt ona görə tikildi ki, mən Sumqayıtın uğurlu inkişafını görürdüm, buna əmin idim və bilirdim ki, Sumqayıta daha böyük həcmdə elektrik enerjisi lazım olacaq.
Sumqayıtda yolların salınması işi gedir, sosial infrastruktur yeniləşir, Olimpiya, Paralimpiya kompleksləri, “ASAN xidmət” mərkəzi yaradılıb, xəstəxana təmir olunub. Yəni şəhər hərtərəfli inkişaf edir və bu, əlbəttə, məni və əminəm ki, sizi çox sevindirir”.
İlham Əliyev deyib ki, Azərbaycan güclü dövlətdir: “Baxmayaraq ki, indi dünyada müəyyən iqtisadi çətinliklər var və o, bizdən də yan keçməyib, biz sosial layihələrə, insanların rahatlığına ayrılan vəsaiti təmin edirik. Bütün sosial layihələr 2017-ci ildə də icra ediləcək, ölkəmizdə yeni xəstəxanalar, məktəblər, ictimai yerlər yaradılacaq”.