Sentyabrın 27-si Sumqayıtda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident İlham Əliyev deyib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşanda ilk iki il xalq və dövlət üçün çox ağır, faciəvi illər olub: “O vaxt hakimiyyəti zəbt edən antimilli qüvvələr ölkəmizi faktiki olaraq dağıdırdılar və Azərbaycan xalqı böyük əziyyət içində, narahatlıq içində yaşayırdı. Azərbaycan xalqı cəmi bir il AXC-Müsavat cütlüyünün hakimiyyətinə dözərək bu mənfur ünsürləri tarixin arxivinə göndərdi”.
Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) dövlət katibi və baş nazir postlarını tutmuş Xalq Partiyasının sədri Pənah Hüseyn “Azadlıq” radiosuna müsahibəsində prezidentə cavab verib: “Ölkəyə azadlıq, müstəqillik qazandırmış qüvvələrə qarşı indiki dövlət başçısının zaman-zaman bu mövqedən çıxış etməsi onun əsas siyasi rəqibinin yenə də həmin qüvvələr olduğunu göstərir. Ölkənin demokratiyanın əksi istiqamətinə yönəlməsi, hakimiyyət strukturlarındakı korrupsiya və respublikanın inkişafını, təhlükəsizliyini təhdid edən məsələlərlə mübarizədə yük yenə həmin qüvvələrin üzərinə düşür. Çünki bu qüvvələr Azərbaycan kimi ölkələrdə siyasi xarakter daşıyır. O baxımdan həm indiki hakimiyyətin, həm də bizim demokratik qüvvələrin, daha doğrusu, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlindəki qüvvələrin daxili mahiyyətini, siyasi xarakterini və hansının gələcəyə doğru istiqamətləndiyini seçməyə xalqın gözəl imkanı var”.
Pənah Hüseyn deyib ki, İlham Əliyevin onun təmsil olunduğu hakimiyyəti ölkəni dağıtmaqda ittiham etməsi dəlilsiz-sübutsuz sözdən başqa bir şey deyil: “Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu bir ildə inqilabi islahatlar həyata keçirildi. SSRİ-nin süqutundan sonra Azərbaycan həqiqətən ciddi böhran yaşayırdı. Amma biz ölkənin toparlanmasına nail olduq. Ən əsası isə erməni işğalına qarşı ciddi dirəniş davam etdi. Təsadüfi deyil ki, artıq 1993-cü ilin yayında Kəlbəcərin də azad edilməsi şərti daxil olmaqla sülh müqaviləsi imzalanırdı və faktiki olaraq müharibə qurtarırdı.
Bundan əlavə ölkənin inkişafında çox mühüm əhəmiyyətə malik neft müqavilələri 1993-cü il iyulun 1-də bağlanmalı idi, artıq müqavilələr hazırlanmışdı. Və ya 1993-cü ilin yayına yaxın iqtisadi sahədə çöküş artıq dayanmışdı, hətta ötən ilin mayına nisbətən 12 faiz iqtisadi artım əldə edilmişdi. Manatın o dövrdə rus rubluna və dollara olan dəyərinə baxsaq, bir ildə inflyasiya, demək olar ki, sabit qalmışdı. Özəlləşdirmə proqramının həyata keçirilməsi, 5 il ərzində olmayan dövlət büdcəsi haqda qanunun və büdcənin qəbulu, daha sonra torpaq islahatına başlanması, postsovet məkanında ilk dəfə təhsildə test sisteminə keçid, milli valyutanın rus rublunu əvəzləməsi və sairə sistem xarakterli islahatlar idi. Bu da ölkənin inkişafından ötrü çox vacib işlər idi.
İlham Əliyevin dedikləri, sadəcə, sözdür. Faktlara baxsaq, o dövrdəki tarixi şəraiti, atılan addımları nəzərdən keçirəndə Azərbaycanın inkişafı üçün çox ciddi perspektivlər açıldığını görmüş olarıq. Məhz indiki hakimiyyətin özünün də iştirakçısı olduğu 1993-cü ilin qiyamı ölkəni inkişafdan saxladı. Sülh müqaviləsi bağlanmadı, beş rayon işğal edildi, təslimçi atəşkəs müqaviləsi imzalandı, neft müqavilələrinin imzalanması il yarım yubandı. Nəticədə ölkədə avtoritar rejim formalaşdı. Onun ağır nəticələrini indi də hiss edirik”.
Xalq Partiyasının sədri əlavə edib ki, hazırda ölkə sistem böhranı yaşayır: “Bu istər siyasi, istər iqtisadi, istərsə də təhlükəsizlik sahələrini əhatə edir. Əlbəttə, Azərbaycan xalqı bu böhrandan çıxmaqdan ötrü çox ciddi fəallıq göstərməlidir. Bəlkə də ikinci istiqlal mücadiləsi verməlidir. Məncə, siyasi hakimiyyət indiki halda özü ilə, dünyada gedən proseslərlə bağlı düşünməli, cəmiyyətin resurslarını səfərbər etməlidir. Bunu etmək əvəzinə daxildə düşmən axtarışına girişibsə, daxildə özünə düşmən icad edirsə, bu, çox ciddi, təhlükəli hərəkətdir. İlham Əliyev ölkəni bu böhrandan çıxarmaq üçün hansısa proqrama malik olmadığını göstərir. Son zamanlar baş verənlər, elə keçirilən referendum, ora çıxarılan məsələlər, siyasi və iqtisadi sahədə geriləmələr, insan hüquq və azadlıqlarının, mülkiyyət, ifadə azadlıqlarının məhdudlaşdırılması göstərir ki, hakimiyyət böhrandan çıxış yolunu bilmir, inkişaf strategiyası yoxdur. Təxminən 30 il əvvəl əhəmiyyətini itirmiş üsul-idarəyə, köhnə iqtisadi modellərə qayıdışın özü də bu hakimiyyətin öz dövrünü başa vurmasının göstəricilərindən biridir”.