Dövlət müstəqilliyi bərpa ediləndən bəri Azərbaycanda 7 prezident, 5 parlament, 4 bələdiyyə seçkisi, 6 referendum keçirilib. 1995-ci il noyabrın 12-də parlament seçkisi və konstitusiya referendumu eyni vaxtda olub, beləliklə, 1991-ci ildən ötən 25 ildə Azərbaycan 21 milli səsvermə günü yaşayıb.
Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə üç mərhələdə bərpa olunub: avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da isə konstitusiya aktı ümumxalq səsverməsi ilə təsdiqlənib.
Novator.az bildirir ki, müstəqil Azərbaycanda ilk prezident seçkisi 1991-ci il sentyabrın 8-də keçirilib.
1992-ci il iyunun 7-də və 1993-cü il oktyabrın 3-də ölkə növbədənkənar prezident seçkilərinə gedib.
Sonrakı prezident seçkiləri 1998-ci il oktyabrın 11-də, 2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da olub.
Dövlət müstəqilliyi illərinin parlament seçkiləri bu tarixlərə təsadüf edib: 1995-ci il noyabrın 12-si, 2000-ci il noyabrın 5-i, 2005-ci il noyabrın 6-sı, 2010-cu il noyabrın 7-si, 2015-ci il noyabrın 1-i.
Bələdiyyə seçkiləri isə 1999-cu il dekabrın 12-si, 2004-cü il dekabrın 17-si, 2009-cu il dekabrın 23-ü, 2014-cü il dekabrın 23-ü keçirilib.
1991-ci il dekabrın 29-da keçirilmiş ilk referendumda parlamentin oktyabrın 18-də qəbul etdiyi dövlət müstəqilliyi aktına münasibət öyrənilib.
Sonrakı referendum 1993-ci il avqustun 29-da prezident Əbülfəz Elçibəyə etimadla bağlı olub.
1995-ci il noyabrın 12-də keçirilmiş üçüncü referendum Azərbaycan Konstitusiyasının qəbulu məsələsinə həsr edilib.
2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlarda Azərbaycan Konstitusiyasına dəyişikliklər edilib.