Sentyabrın 27-də prezident İlham Əliyev MDB Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı deyib ki, bu gün dünyada təhlükələr get-gedə artır: “Mövcud ənənəvi təhdidlərlə yanaşı yeni gərginlik ocaqları, münaqişələr, praktiki olaraq bütün qitələri əhatə etmiş terror xarakterli təhdidlər yaranır. Mən yüksək beynəlxalq tribunalardan da dəfələrlə demişəm və həyat da bunu təsdiq edir, bu cür düşünən təkcə mən deyiləm ki, heç bir ölkənin təhlükəsizliyini təkbaşına təmin etmək mümkün deyil. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət olmadan, terrorizmə, radikalizmə, ekstremizmə qarşı mübarizədə səyləri birləşdirmədən təhlükəsizliyi təmin etmək çox çətindir.
Həmçinin artıq indi dünyada bu cür tezisləri dəstəkləyənlər getdikcə çoxalır ki, terrorçuların yaxşısı olmur, terrorçuları sənin ölkənə qarşı və ya sənin rəqibin, yaxud düşmənin olan ölkəyə qarşı çıxış edənlərə bölmək olmaz. Terrorizmə qarşı mübarizə qlobal xarakter daşımalıdır. Bu gün həm bizim regionda, həm MDB məkanında, həm dünyada, həm Avropada müşahidə etdiyimiz hadisələr belə bir tezisi təsdiq edir ki, təhdidlərin qarşısını almaq üçün bütün ölkələrin xüsusi xidmətləri arasında səylərin birləşdirilməsi, informasiya mübadiləsi, səmimi əməkdaşlıq zəruridir.
Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, tərəfdaş ölkələrlə qarşılıqlı fəaliyyəti gücləndirək. Biz hamımız mürəkkəb regionda yaşayırıq, dünya dəyişir, təhlükələr artır. Terrorçu təşkilatlar olduqca təhlükəli silah növlərinə, texnologiyalara yol tapırlar və bütün bunlar, əlbəttə ki, böyük təhlükə doğurur. Yaxın Şərqdə praktiki olaraq nəzarətdən çıxmış hadisələr, Avropa paytaxtlarında, Yer kürəsinin digər regionlarında terror hücumları, gərginliyin artması – bütün bunlar günümüzün reallıqlarıdır. Biz real aləmdə yaşayırıq və təhlükələrə adekvat reaksiya verməli, onları qabaqlamalıyıq. Buna görə də hər bir ölkə, əlbəttə ki, xüsusi xidmətlərin fəaliyyətindən ötrü zəruri şərait yaratmaq üçün öz potensialından maksimum istifadə etməyə çalışır. Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət yetiririk. Bizim xüsusi xidmətlərimiz müasir texnika ilə, avadanlıqla təchiz olunub, onların peşəkarlığı və səmərəliliyi artır. Əlbəttə, öz tərəfimizdən biz həmişə tərəfdaş ölkələrlə sıx əlaqədə işləyəcəyik. Bu ölkələrlə bizi vahid dövlətin tərkibində birgə yaşadığımız uzun tarixi dövr birləşdirir və son 25 ildə artıq müstəqil ölkələr kimi öz münasibətlərimizi tarixi dostluq və qarşılıqlı dəstək ənənələri əsasında qururuq.
Bu yaxınlarda MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilmiş sammitində terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsi məsələsinə də toxunmuşdum və bildirmişdim ki, MDB ölkələrini birləşdirən təkcə ümumi tarix deyil, həm də əməkdaşlığı möhkəmlətmək zərurətini hamının başa düşməsidir. Mənim fikrimcə, bu gün MDB ölkələri müxtəlif tarixə, mədəniyyətə, ənənələrə, dinlərə mənsub olan xalqların qarşılıqlı fəaliyyətinə dair çox mühüm təcrübəni bölüşə bilər. Bu, bizim böyük sərvətimizdir. Əvvəlki illərdə biz belə məsələləri bəlkə də bu dərəcədə kəskin qəbul etmirdik. Bizə elə gəlirdi ki, bu elə belə də olmalıdır. Doğrudan da belə olmalıdır. Lakin heç də hər yerdə belə deyil. Təəssüf ki, son vaxtlar konfessiyalararası, etnoslararası zəmində gərginlik artır, qarşıdurmalar çoxalır. Bu, bütün dünya və bizim ölkələr üçün böyük təhlükədir. Ölkələrimizin hamısı çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrin hamısında sülh və bizim ərazidə yaşayan bütün xalqlar arasında qarşılıqlı anlaşma var. Hesab edirəm ki, bu, xalqlarımızın və əlbəttə, bu istiqamətdə düzgün siyasət yürüdən rəhbərliyin çox böyük xidmətidir. Biz öz nümunəmizlə həm siyasi sahədə, həm də iqtisadi, sosial, mədəni sahələrdə, təhlükəsizlik sahəsində əməkdaşlıq nümayiş etdiririk. Biz göstəririk ki, bəzi dairələrin buna necə yanaşmalarından asılı olmayaraq multikulturalizm prinsipləri yaşayır və qalib gəlir”.