Sentyabrın 27-də prezident İlham Əliyev Sumqayıt şəhərinə səfər edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı Sumqayıt şəhərinə əsas giriş yolunda – Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib ki, əsaslı təmir və yenidənqurma işləri bu ilin fevralında başlanıb, sentyabrın əvvəlində yekunlaşıb. Bakı-Quba avtomobil yolundan başlayaraq şəhərdəki “Göyərçin” abidəsinə qədər bu küçənin uzunluğu 5,2 kilometrdir.
Tikinti işləri zamanı yeni səkilər salınıb, yolun hər iki tərəfində yağış sularını axıdan kanalizasiya xətti çəkilib. Yol boyunca yaşıllıqlar salınıb, ağac və gül kolları əkilib. Küçə boyunca dekorativ istinad divarları tikilib.
Eni 14 metr olan küçənin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb.
İlham Əliyev əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrına da baş çəkib.
Sonra dövlət başçısı Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında iştirak edib.
Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. İstirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanıb.
Bulvarda Bayraq Meydanı inşa olunub. Burada 100 min ağac, 500 mindən çox müxtəlif gül kolu əkilib, 60 min kvadratmetr sahədə çəmənlik salınıb, işıqlandırma sistemi qurulub. Park-bulvar kompleksində 10 min oturacaq qoyulub. Beş yerdə böyük fəvvarə kompleksi tikilib, su təchizatı və kanalizasiya şəbəkəsi yaradılıb.
Bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də 3 metr enində xüsusi hərəkət zolağı salınıb. Bununla yanaşı 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Ərazidə 2 yay uşaq-əyləncə mərkəzi tikilib, uşaqlar üçün 10 attraksion quraşdırılıb.
Diqqətə çatdırılıb ki, 12 hektar sahəsi olan çimərlik zonasında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait var. Sahil hissədə estakada qurulub və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkətinin təmin olunması üçün işlər aparılır. Burada 500-dən çox yeni iş yeri açılacaq.
Prezident Sahil küçəsində yenidənqurmadan sonra görülən işlərlə də tanış olub.
Sonra İlham Əliyevin iştirakı ilə Şahmat Məktəbi istifadəyə verilib. Tikintisinə ötən ilin dekabrında başlanan ikimərtəbəli binanın sahəsi min kvadratmetrdir. Məktəbdə 25 qrupda ümumilikdə 550-600 şagird şahmatın sirlərini öyrənir.
Prezident Uşaq İncəsənət Məktəbinin, Heydər Əliyev Mərkəzinin açılışlarına da qatılıb.