Rusiya prezidenti Vladimir Putin Vyaçeslav Volodinin Dövlət Dumasının sədri postuna seçilməsini təklif edib. Prezident Administrasiyası rəhbərinin birinci müavini postunu tutan Vyaçeslav Volodin sentyabrın 18-də hakim Vahid Rusiya Partiyasının proporsional siyahısından Dövlət Dumasının deputatı seçilib.
Novator.az-ın məlumatına görə, parlamentə seçilmiş partiyaların liderləri ilə görüşən Vladimir Putin deyib ki, sədri seçmək Dövlət Duması deputatlarının işidir: “Ancaq mən və Vahid Rusiya Partiyasının sədri, baş nazir Dmitri Medvedyev Vyaçeslav Volodinin namizədliyi üzərində dayanmışıq. Hesab edirik ki, o, Dövlət Dumasının sədri olmaq üçün yetərincə təcrübəlidir”.
Hazırda Dövlət Dumasının sədri olan və sentyabrın 18-də yenidən deputat seçilən Sergey Narışkin sentyabrın 22-də Xarici Kəşfiyyat Xidmətinin başçısı təyin edilib.
Vyaçeslav Volodinin 52 yaşı var. 1999, 2003 və 2007-ci illərdə Dövlət Dumasının deputatı seçilib. 2010-cu ildə baş nazirin müavini təyin olunub. 2011-ci ildən Prezident Administrasiyası rəhbərinin birinci müavinidir.
Rusiyanın Mərkəzi Seçki Komissiyası Dövlət Dumasına seçkinin nəticələrini sentyabrın 23-də təsdiqləyib. Parlamentin aşağı palatasına 225 nəfər proporsional sistemlə, 225 nəfər majoritar sistemlə seçilib.
Qəti nəticələrə görə, hakim Vahid Rusiya Partiyası 450 yerlik Dumada 343 nəfərlə təmsil olunacaq. Kommunist Partiyası 42, Liberal Demokrat Partiyası 39, Ədalətli Rusiya Partiyası 23 deputat yeri əldə edib. Vətən və Vətəndaş Platforması partiyaları 1 mandat alıblar. Daha 1 mandatı müstəqil namizəd götürüb.