Sentyabrın 21-də prezident İlham Əliyev Mingəçevirə səfər edib. O, şəhərdə aparılan abadlıq və tikinti işləri ilə tanış olub, əsaslı yenidənqurmadan çıxmış Mingəçevir Şəhər Tarix Muzeyinə baş çəkib.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib. Prezidentin 2015-ci ilin fevralında imzaladığı sərəncamla yaradılmış Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə həvalə olunub. Sənaye Parkının fəaliyyətinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan “Mingəçevir-Toxucu” ASC ləğv edilib və onun 15 hektara yaxın torpaq sahəsi icarə hüququ ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin daimi istifadəsinə verilib.
İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib ki, Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetr təşkil edəcək. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulub. Parkda ilkin mərhələdə 2 min, sonra 5500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulub.
Layihə rəhbəri Mehriban Axundova bildirib ki, Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisə inşa ediləcək: “Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Azərbaycanda böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində ildə 3 min ton məhsul istehsal ediləcək”.
Diqqətə çatdırılıb ki, corab istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək.
Sənaye parkında tibbi kosmetika məhsulları istehsalı müəssisəsinin yaradılması da planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq.
Diqqətə çatdırılıb ki, toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək. Hazırlanacaq xam parçanın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan boyama müəssisəsi inşa ediləcək.
Ölkədə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi də Mingəçevir Sənaye Parkında inşa ediləcək. Müəssisədə iki minə yaxın yeni iş yeri açılacaq.
Dövlət başçısı çıxışında qeyd edib ki, yaxın illərdə Mingəçevirdə ən müasir standartlara cavab verən sənaye müəssisələri zonası yaradılacaq: “Bu bir daha onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Baxmayaraq ki, gəlirlərimiz azalıb, dünyada iqtisadi və maliyyə çətinlikləri davam edir, biz öz yolumuzla gedirik. Çünki bizim yolumuz milli maraqlar əsasında qoyulub. Biz inkişaf yolu ilə gedirik. Biz ölkəmiz üçün bütün lazımi tədbirləri görürük ki, ölkəmiz daha da sürətlə inkişaf etsin, inkişaf dayanıqlı olsun. Neftdən asılılıq minimum səviyyəyə düşsün və bizim ixrac potensialımız artsın. Ona görə bu gün böyük və kiçik sənaye müəssisələri yaradılır, kənd təsərrüfatına böyük təkan verilir”.