Tatar müğənni Rəzidə Qaniullinanın “Canım” adlı mahnısına çəkdirdiyi klip qalmaqal doğurub.
Novator.az xəbər verir ki, klip Rusiyanın Tatarıstan Respublikasının Bolqar şəhərində Ağ məscidin qabağında çəkilib. Klipdə müğənni açıq-saçıq geyimdə göbək rəqsi edir. Bu, Tatarıstanda bir sıra insanların, xüsusilə dindarların etirazına səbəb olub.
Tatarıstanın nüfuzlu din xadimlərindən Səidcəfər Lütfullin müğənnini kəskin pisləyib, onu öz dininə və milliyyətinə həqarətdə günahlandıraraq “manqurt” adlandırıb və klipin sosial şəbəkələrdən silinməsini tələb edib.
Dindarlar müğənnini məhkəməyə verə biləcəkləri barədə də xəbərdarlıqlar ediblər.
Tatarıstan Respublikasının müftisi, yəni respublikada yaşayan müsəlmanların dini lideri olan Kamil Samiqullin məsələyə qarışmalı olub. O deyib ki, məscidlərin, eləcə də Ağ məscidin qapısı hər kəsin üzünə açıqdır və estrada müğənniləri məscidə gələ, burada ürəklərini boşaldıb Tanrıya dua edə bilərlər. Dini lider vurğulayıb ki, onun başçılıq etdiyi idarə islamı başa düşmək, mənəvi ömür yaşamaq istəyənlərə yardım göstərməyə hazırdır: “Amma məscid rəqs yeri deyil”.
Kamil Samiqullin onu da qeyd edib ki, Bolqar torpağı tatar xalqının milli mənliyi baxımından mühüm əhəmiyyət daşıyır, çünki Tatarıstanda islam ənənələrinin formalaşması buradan başlanır: “Bura bizim mədəniyyətimizin, adət-ənənələrimizin dayağıdır”.
Rəzidə Qaniullina etirazlara cavab olaraq bildirib ki, o, namaz qılmasa da, Allaha, dinə inanır, hər gününü “Bismillah”la başlayır. Müğənni deyib ki, onun rəqsi, dindarların söylədiyi kimi, heç də striptiz deyil, “incəsənət nümunəsi”dir. Bununla belə Rəzidə Qaniullina qeyd edib ki, əgər onun klipi kimlərinsə hisslərinə toxunubsa, buna görə həmin adamlardan üzr istəyir.