İnsan hüquqlarının vəziyyətini araşdırmaq üçün sentyabrın 14-dən Azərbaycanda səfərdə olan BMT-nin xüsusi məruzəçisi Mişel Forst sentyabrın 22-si Bakıda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, o, insan hüquqları üzrə araşdırmalarının ilkin nəticələrini və tövsiyələrini açıqlayıb.
Forst deyib ki, vəkillər, hüquqşünaslar, hüquq müdafiəçiləri, jurnalistlər və siyasi fəallarla bir araya gəlib, Prezident Administrasiyasında, Dövlət Təhlükəsizliyi Xidmətində, Ali Məhkəmədə, Baş Prokurorluqda, Ombudsman Aparatında görüşlər keçirib.
Dövlətin əsas məqsədinin əsas insan hüquq və azadlıqlarını qorumaq olduğunu vurğulayan xüsusi məruzəçisi deyib ki, Azərbaycanda media mühitinin yaxşılaşdırılmasına ehtiyac var. O, Azərbaycanda internetə çıxışın geniş olduğunu, sosial mediadan istifadə edənlərin artdığını qeyd edib.
Forst son illər QHT qanunvericiliyinə edilmiş dəyişikliklərdən də danışıb, QHT-lərin maliyyələşdirilməsi sahəsində problemlər olduğunu bildirib. O, hökuməti vətəndaş cəmiyyəti ilə körpü yaratmağa, dialoq qurmağa çağırıb.
Xüsusi məruzəçinin hesabatı 2017-ci ilin martında BMT-nin İnsan Haqları Şurasında təqdim olunacaq.
“Azadlıq” radiosunun məlumatına görə, Forst deyib ki, insan haqları müdafiəçilərinə təhlükəsiz və yaradıcı mühitin təmin edilməsi Azərbaycanın öhdəliyidir: “Amma müşahidələr göstərir ki, 2014-cü ildən bəri Azərbaycanda yerli və beynəlxalq QHT-lər böyük miqyasda təqib olunur. İnsan hüquqları müdafiəçiləri bir sıra problemlərlə üzləşirlər. Son 2-3 il ərzində vətəndaş cəmiyyəti təşkilatları ölkə müstəqillik qazandığı ildən bu günə kimi ən pis vəziyyətlə üzləşib – bu qənaətimi ilkin müşahidələrim çərçivəsində hökumətə də təqdim etdim. Şiddətli təzyiq nəticəsində vətəndaş cəmiyyətinin fəaliyyəti iflic vəziyyətə düşüb. Dövlət rəsmiləri hüquq müdafiəçilərini Qərb dövlətlərinin “beşinci kolon”u, xarici dövlətlərin casusu kimi təqdim edir. Bunun da nəticəsində əhalidə vətəndaş cəmiyyəti fəallarının oynadığı rola dair yanlış təsəvvür formalaşır. Fundamental azadlıqları təşviq edən, qanun pozuntularını tənqid edən şəxslər hücumlara məruz qalır, damğalanır, xuliqanlıq, narkotik, dövlətin konstitusion quruluşunu dəyişməyə cəhd və sair ittihamlarla həbs olunur, məhkum edilirlər”.
Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası sahəsində də problemlər olduğunu deyən məruzəçi buna misal olaraq REAL Hərəkatının sədri İlqar Məmmədov barədə qərarın icra edilməməsini göstərib.
Azərbaycanda siyasi motivli həbslərdən, sərbəst toplaşma azadlığına qadağalardan danışan Forst Milli Şuranın 17 sentyabr mitinqindən öncə və aksiyadan dərhal sonra həbs edilən şəxslər barədə məlumatlı olduğunu bildirib. O qeyd edib ki, mitinq ərəfəsində və ondan sonra həbs olunan 45 nəfərin siyahısını hökumət təmsilçiləri ilə görüşlərdə onlara təqdim edib: “Siyahını hökumətə vermişik və məsələyə aydınlıq gətirilməsini səbirsizliklə gözləyirik”.
Məruzəçi Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki vəziyyətə də toxunub: “Azərbaycan media və jurnalistlərə gərəkli mühitin yaradılmasında çətinlik çəkməkdə davam edir. Müstəqil media orqanları tez-tez hədəf seçilir. Tənqidi fikir söylədiklərinə görə onların lisenziyaları əllərindən alınıb. Məsələn, 2014-cü ilin dekabrında hökumət vətəndaş cəmiyyətinə qarşı təqib kampaniyası çərçivəsində “Azadlıq” radiosunun fəaliyyətini dayandırıb. Eyni ayda “Meydan TV” də yayımını dayandırmağa məcbur edilib. Bu media orqanının həm redaktoru, həm də direktoru xaricə qaçmağa məcbur olub, jurnalistlərinin ölkədən çıxışına qadağa qoyulub.
2014-cü ilin avqustunda “Azadlıq” qəzetinin saxta xuliqanlıq ittihamı ilə həbs edilən və 5 il azadlıqdan məhrum olunan jurnalisti Seymur Həzi ilə həbsxanada görüşdüm. “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirov bir ay əvvəl Fətullah Gülən barədə kitabları saxlamaq və yaymaq ittihamı ilə həbs olunub. Onun həbsi qəzetin bank hesabının dondurulmasına səbəb olub”.
Forst Azərbaycanda internetə sərbəst çıxış imkanının olduğunu, lakin internetdə tənqidi fikir bildirənlərin cəzalandırıldığını vurğulayıb. O, bloqçu Mehman Hüseynov barədə cinayət işinin başlanması və onun ölkədən çıxışına qadağa qoyulmasını, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının “Facebook”da insanları öz hüquqlarını qorumağa çağırdığı üçün həbs olunduğunu misal çəkib.
QHT-lərin qeydiyyatı, maliyyələşməsi sahəsində də ciddi problemlərin olduğunu deyən Forst əlavə edib ki, Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyəti ilə əlaqədar hökumətlə konstruktiv dialoqu davam etdirməyə hazırdır: “Mandatıma hökumətlərə məsləhətlər vermək səlahiyyəti də daxildir. Bu hesabatdakı tövsiyələrin nəzərdən keçirilməsi və tətbiqi ilə bağlı hökumətə tələb olunan texniki yardımı göstərməyə və əməkdaşlıq etməyə də hazıram”.
BMT məruzəçisi hökuməti hüquq müdafiəçilərinə qarşı təzyiqlərdən çəkinməyə, vətəndaş cəmiyyətinin fəaliyyətinə dəstək olmağa çağırıb.