Prezident İlham Əliyev Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılmasına sərəncam verib. Sərəncamın yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq, beynəlxalq bazara inteqrasiya prosesini sürətləndirmək məqsədi ilə imzalandığı bəyan olunub.
Novator.az-ın məlumatına görə, sentyabrın 21-də imzalanan sərəncamla dövlət başçısı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə bunları tapşırıb:
– Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən internet portalının üç ay müddətində yaradılmasını təmin etmək;
– həmin portalda istehsal fəaliyyəti üzrə (hər bir mal növü, onun istehsalçısı, hüquqi ünvanı, əlaqə vasitələri, habelə istehsalçı qrupları, istehsal imkanları, tərəfdaşlar və s.) istifadəsi sadə olan axtarış sistemi yaratmaq;
– informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə istehsalçılarla informasiya mübadiləsinin elektron şəkildə və daha operativ qaydada təşkil olunması, habelə məlumatların portala daxil edilməsi və yenilənməsi məqsədi ilə portalda “elektron kabinet” bölməsi yaratmaq;
– məlumatların portalda yerləşdirilməsi üçün mütəmadi olaraq təbliğat-təşviqat tədbirləri həyata keçirmək.
Portalın yaradılması məqsədi ilə 2016-cı ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 400 min manat ayrılıb.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə zəruri kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin etmək tapşırılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu il aprelin 20-də yaradılıb. Nizamnaməsinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin missiyası ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etmək, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdir.
Qurumun icraçı direktoru postunu iqtisad üzrə fəlsəfə doktoru Vüsal Qasımlı tutur.