Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən Azərbaycanın Tacikistandakı səfirliyinin saxlanmasına ayrılan vəsaitlərin istifadəsinə; Qaradağ Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirlərinin nəticələrini təsdiqləyib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Başqa bir təsdiqlənən hesabat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanması xərclərinin icrasına dair nəzarəti əhatə edib. Rəsmi məlumata görə, şöbənin əmək pensiyalarının, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin təyin olunması və ödənilməsi zamanı ciddi maliyyə pozuntularına yol verməsi üzə çıxıb. Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şəki kəndindəki nümayəndəliyinin bir hal üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hüquqi əsası olmayan və düzgün olmayan məlumatları əks etdirən, eləcə də əsaslılığı şübhə doğuran sənədləri hazırlaması səbəbindən dövlətə zərər vurulması ehtimalını da nəzərə alan Hesablama Palatası müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.