Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev BMT Baş Assambleyasının qaçqın və miqrantların böyük axınının aradan qaldırılması mövzusunda yüksək səviyyəli görüşündə çıxış edib.
Migration.gov.az-ın məlumatına görə, xidmət rəisi bildirib ki, son illər dünyada münaqişə və böhran zonalarının coğrafi əhatəsinin genişlənməsi həlak olan və öz evlərini tərk etmək məcburiyyətində qalan insanların sayının böyük ölçüdə artmasına gətirib çıxarıb: “Münaqişələr və zorakılıqlar nəticəsində bu gün dünyada 60 milyondan çox insan məcburi olaraq yerdəyişməyə məruz qalıb. Beynəlxalq ictimaiyyət ilk növbədə yeni silahlı münaqişələrin meydana çıxmasına imkan verməməli və mövcud münaqişələrin dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipi başda olmaqla beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsi istiqamətində səylərini daha da artırmalıdır.
Qaçqınların, məcburi köçkünlərin və miqrantların problemlərinin həll edilməsində dövlətlər və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı kimi beynəlxalq təşkilatlar və BMT-nin müvafiq mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir”.
Firudin Nəbiyev əlavə edib ki, bu gün dünyada ümumi sayı 41 milyona çatmış məcburi köçkünlərin ağır vəziyyəti və ehtiyacları heç cür diqqətdən kənarda qalmamalıdır və buna görə də beynəlxalq ictimaiyyətin bu problemin həllinə münasibətdə ümumi və vahid yanaşmadan çıxış etməsi zəruridir.
Xidmət rəisi vurğulayıb ki, ərazisinin işğalına görə Azərbaycan genişmiqyaslı məcburi köçürülmə problemi ilə üzləşib: “9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir. 25 ildən artıqdır Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq özünün işğalçılıq siyasətini, hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylərini davam etdirir və yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarına qayıdışını əngəlləyir. Bundan başqa Ermənistan hazırkı qaçqın və miqrant böhranından sui-istifadə edərək Suriyadan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırır. Bu, beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır”.