Sentyabrın 19-da “Region” televiziyasının rəhbərliyi kanalın adının və brendinin dəyişdirilməsi ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, direktor İsmayıl Həsənov bildirib ki, televiziya yeni mövsümdən əsas prioritetlərini saxlamaqla yenilənmək qərarına gəlib: “Buna səbəb KİV-in inkişafı, tamaşaçı zövqünün dəyişməsi və digər məqamlardır. Biz həm də yeni efir konsepsiyamızı beynəlxalq təşkilatların sorğusuna uyğunlaşdırdıq. Bu gündən etibarən yeni konsepsiya ilə ARB TV kimi fəaliyyət göstərəcəyik.
ARB TV tərkibində olan televiziyalar da adlarını dəyişəcək. “Cənub TV” bundan sonra “ARB Cənub”, “Alternativ TV” “ARB Ulduz”, “Kanal-S” “ARB Şəki”, “Kəpəz TV” “ARB Kəpəz”, RTV “ARB Şimal”, “Günəş TV” “ARB Günəş”, El TV “ARB Aran”, TTV “ARB 24” olacaq”.
İsmayıl Həsənov qeyd edib ki, televiziyanın təkcə adında yox, efirində də dəyişiklik olacaq: “Bizim təkcə adımız yox, efirlərimiz də dəyişir. İndiyədək efirdə olan 70 faiz verilişimiz yeni mövsümdə fəaliyyətini dayandıracaq. Efirə tamaşaçıların zövqünü oxşayacaq daha yaxşı verilişlərlə çıxacağıq”.
“Region” televiziyası 2014-cü il mayın 10-da ölkə üzrə yayımına başlayıb.