“İstifadəsiz torpaqlar dövriyyəyə qaytarılmalıdır. Torpağı icarəyə götürən mütləq torpaqda işləməlidir, onu əmanət kimi saxlamamalıdır”. Sentyabrın 17-si Sabirabadın Mədəniyyət evində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edən prezident İlham Əliyev belə deyib (Müşavirənin bütün materialları).
Dövlət başçısı qeyd edib ki, torpaqlardan çox səmərəli şəkildə istifadə olunmalıdır: “Bizim çox böyük torpaq sahələrimiz yoxdur. Biz ancaq yeni texnologiyalar, meliorativ tədbirlər nəticəsində yeni, böyük torpaq sahələrini dövriyyəyə cəlb edə bilərik. Misal üçün, bu yaxınlarda Salyan rayonunda olarkən pambıq tarlalarında pambıqçılarla görüşlər əsnasında gördüm ki, orada vaxtilə şoranlaşmış torpaqlarda böyük pambıq sahələri yaradılıb. Bu mümkündür və belə şoranlaşmış torpaqlar bizdə kifayət qədər çoxdur. Yəni kənd təsərrüfatı üçün yararsız torpaqlar kifayət qədər çoxdur. Ancaq orada da məhsul yetişdirmək olar.
Mən Salyandan Bakıya qayıdarkən fikir verdim ki, Qaradağ rayonuna qədər yol boyu sağ, sol, hər tərəf boş torpaqlardır. Orada heç nə əkilmir, heç nə bitmir. Onları da əkin dövriyyəsinə cəlb etmək olar. Sadəcə olaraq yeni texnologiyalar gətirilməlidir, suvarma sistemi qurulmalıdır, digər tədbirlər görülməlidir. Çünki bizim əsas məqsədimiz torpaqlardan səmərəli şəkildə istifadə etməkdir. İndi mövcud torpaq fondunun nə qədər olduğu bəllidir. İstifadəsiz torpaqlar dövriyyəyə qaytarılmalıdır. Torpağı icarəyə götürən mütləq torpaqda işləməlidir, onu əmanət kimi saxlamamalıdır.
Eyni zamanda rayonlaşma getməlidir, hansı rayonda hansı məhsullar daha çox gəlir gətirir, daha çox sərfəlidir. Biz buna da baxmalıyıq, müvafiq göstərişlər verilib. Hesab edirəm ki, biz subsidiyalarla bağlı da artıq rayonlaşma sisteminə keçməliyik. Mən bu yaxınlarda Masallı rayonunda idim. Orada icra başçısından soruşdum ki, sizdə indi taxılçılıqda məhsuldarlıq nə qədərdir, dedi hektardan 20 sentner. Bizdə ölkə üzrə bu göstərici 30 sentnerdir. Amma elə təsərrüfatlar var ki, yeni texnologiyalara və iqlim şəraitinə görə hektardan 40-50 sentner taxıl götürülür. Ona görə bəlkə də Masallıda taxılçılığa subsidiya vermək lazım deyil, tərəvəzçiliyə, çayçılığa vermək lazımdır. Ona görə bu göstərişlər verilib. Mən bu barədə dəfələrlə danışmışam və son vaxtlar konkret tapşırıqlar verilib, indi təkliflər verilməlidir. Regionlar üzrə subsidiyalaşma təmin edilməlidir və bu, özlüyündə kənd təsərrüfatının stimullaşdırılmasına gətirib çıxaracaq. Xoşbəxtlikdən elə gözəl ölkədə yaşayırıq ki, bizim doqquz təbii iqlimimiz var. Biz hər şeyi yetişdirə bilərik, çaydan tutmuş pambığa qədər, üzümdən tutmuş meyvə-tərəvəzə qədər. Şimal-qərb zonasında böyük fındıq bağları salınacaq. Yəni, ancaq səmərəli yanaşma olmalıdır və fermerlərə çox ciddi kömək göstərilməlidir”.