Sentyabrın 16-sı Qırğızıstan paytaxtı Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. Novator.az-ın məlumatına görə, Qırğızıstan prezidenti Almazbek Atambayevin sədrlik etdiyi iclasa Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sərkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidenti Vladimir Putin, Tacikistan prezidenti İmaməli Rəhman, Moldovanın baş naziri Pavel Filip, Türkmənistan Nazirlər Kabineti sədrinin birinci müavini Başimmurad Xocaməmmədov, Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov, Ukraynanın Qırğızıstandakı səfiri Nikolay Doroşenko qatılıb.
İclasda öncə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Onun ardınca söz alan Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ məsələsinə toxunub, bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrdə Azərbaycanı günahlandırıb.
AZƏRTAC xəbər verir ki, Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus prezidenti Aleksandr Lukaşenko çıxış etməli imiş. İlham Əliyev Belarus prezidentindən ona danışmaq üçün imkan verməyi xahiş edib. Belarus Prezidentinin razılığından sonra çıxış edən İlham Əliyev bunları deyib:
– Ermənistan prezidentinin sözlərinə şərh verməyi özümə borc bildim. Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma erməni tərəfinin növbəti şikayətini eşidəndə bunu şərh etməyi özümə borc saydım.
Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, – bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, – sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusunun artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu.
Beynəlxalq təşkilatlar bu məsələnin necə tənzimlənməli olduğunu çox dəqiq anlayırlar. Ali beynəlxalq struktur var – BMT Təhlükəsizlik Şurası. Bu strukturdan yüksəyi yoxdur. Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində dörd qətnamə qəbul edib. Həmin sənədlərdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr yerinə yetirilmir. Ermənistan onlara məhəl qoymur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır. Bu, tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir.
Biz sülh prosesinə sadiqik. Biz konstruktiv işləyirik. Minsk qrupu mövcuddur. Amma erməni tərəfi bu formatdan yalnız danışıqlar prosesinin sonsuz olması üçün istifadə edir. Onlar sülh istəmirlər. Onlar bizim ərazilərimizi daim nəzarət altında saxlamaq və hər yerdə Azərbaycanı bunda ittiham etmək istəyirlər ki, guya biz nəyisə pozuruq. Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birliyin tanıdığı Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir. Buna görə mən Ermənistan prezidentinin növbəti yersiz şikayətini nəzərə alaraq bir daha bunları həmkarlarımızın diqqətinə çatdırmağı özümə borc bildim.
Serj Sərkisyan: Yalana cavab verməyin sadəcə mənası yoxdur.
İlham Əliyev: Mən yalana artıq cavab verdim.
1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi və daha 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.