“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”. AZƏRTAC-ın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrin parlament sədrlərinin Strasburqda keçirilən görüşündə belə deyib.
Sentyabrın 16-da Oqtay Əsədov “Parlamentlərin nifrətə və irqçiliyə qarşı birgə fəaliyyəti” mövzusuna həsr olunan sessiyada çıxış edib. Oqtay Əsədov nifrətə və irqçiliyə qarşı mübarizə probleminin bu gün bəşəriyyəti ağır sınaqlara çəkdiyini, bəşər sivilizasiyasının əsrlər boyu ərsəyə gətirdiyi mənəvi dəyərlərin aşınmasının dünya nizamının dayaqlarını sarsıdan və qlobal böhranı dərinləşdirən bir amilə çevrildiyini bildirib. O, dünyanın müxtəlif bölgələrində cərəyan edən neqativ proseslərin ayrı-ayrı ölkələrdə radikalizmin, dini dözümsüzlüyün və ekstremizmin artmasına, irqçilik, ayrı-seçkilik, ksenofobiya, islamofobiya kimi mənfi meyllərin güclənməsinə şərait yaratmasının dərin təəssüf doğurduğunu qeyd edib.
Milli Məclisin sədri bildirib ki, Azərbaycanda tarix boyu müxtəlif mədəniyyətlər ahəngdar şəkildə bir-birini tamamlayıb və zənginləşdirib: “Ölkəmizdə müxtəlif xalqların və millətlərin nümayəndələri həmişə dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamaq imkanına malik olublar. Azərbaycan xalqının milli sərvəti olan tolerantlıq və multikulturalizm ənənələri dövlət siyasəti səviyyəsinə qaldırılıb və həyat tərzinə çevrilib. Bu gün ölkəmiz artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Azərbaycanın siyasəti, eləcə də cəmiyyətimizin durumu sübut edir ki, multikulturalizm dərin köklərə malikdir, yaşayır, möhkəmlənir və gələcəkdə bəşəriyyətin inkişafının yeganə yoludur.
Azərbaycan ərazisində yaşayan bütün xalqların hüquq bərabərliyinin təmin edilməsi, fərqli dinlərə etiqad edən insanların etnik-mədəni və dini dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər müntəzəm və ardıcıl xarakter daşıyır. Ölkəmizdə məscidin də, kilsənin də, sinaqoqun da qapısı həmişə açıqdır və insanların dini ayinləri və ibadətləri sərbəst icra etmələri üçün hər cür şərait yaradılıb. Azərbaycandakı dini icmaların rəhbərləri ölkənin taleyüklü məsələlərində həmişə eyni mövqedən çıxış edir”.
Oqtay Əsədov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik siyasətinə dini don geyindirilməsi cəhdlərinin heç bir əsasa malik olmadığını diqqətə çatdırıb. Bildirib ki, 25 ilə yaxındır Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon işğal olunub və bu ərazilərdə etnik təmizləmə aparılıb.
Milli Məclisin sədri münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylərin Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə vermədiyini təəssüflə qeyd edib. O, vəziyyətin bu cür qalmasının, münaqişənin nizama salınmamasının nəinki Cənubi Qafqaz regionunda, həm də dünyada sülh və sabitlik üçün təhlükə törətdiyini vurğulayıb.
Oqtay Əsədov deyib ki, bu gün etnik separatizmə və davakar millətçiliyə, özgə torpaqlarının qəsb edilməsinə göz yumulmasının dünya üçün nə dərəcədə təhlükəli olduğu hamılıqla qəbul edilməlidir: “Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və bütün münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri əsasında, xüsusən ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.