Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-avqust ayları üzrə makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda deyilir ki, 8 ayda müəssisə, təşkilat və fərdi sahibkarlar 38 milyard 27,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz az ümumi daxili məhsul istehsal edilib: “Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,3 düşməsidir. Əhalinin hər nəfərinə düşən ÜDM 3953 manata bərabər olub.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2016-cı ilin yanvar-avqust aylarında 20,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çox sənaye məhsulu istehsal edib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,3 faiz, neft sektorunda isə 0,7 faiz artıb.
2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulunda 2,4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalında 2,1 faiz, heyvandarlıq məhsulları istehsalında isə 2,8 faiz artım qeydə alınıb.
8 ayda əsas kapitala 8 milyard 999,1 milyon manat məbləğində vəsait yönəldilib. Sərmayənin 3 milyard 424 milyon manatını və ya 38 faizini daxili vəsaitlər təşkil edib.
2016-cı ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,6 faiz artaraq 28 milyard 972,4 milyon manata çatıb.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 8 milyard 281,5 milyon manat vəsait daxil olub, büdcədən 9 milyard 348,5 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 1 milyard 67 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,8 faizi səviyyəsində qərar tutub.
Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 milyard 713,3 milyon manat olub. Kredit portfeli 2015-ci il avqust ayının 1-i ilə müqayisədə 17,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9 faizini təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il avqust ayının 1-nə 7 milyard 843,8 milyon manat olub.
2016-cı ilin yanvar-iyul aylarında əhalinin sayı 59,8 min nəfər və ya 0,6 faiz artaraq 2016-cı il avqust ayının 1-nə 9 milyon 765,4 min nəfərə çatıb”.