“Biz həmişə müstəqil olmalıyıq. Heç vaxt müstəqilliyimizi əldən verməməliyik”. AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev sentyabrın 15-i Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində belə deyib.
Dövlət başçısı qeyd edib ki, bu il Bakı şəhərində on orta məktəb və peşə məktəbi əsaslı təmir edilib, yeni korpuslar tikilib, 311 nömrəli bu məktəb üçün isə yeni bina tikilib: “Son 4-5 il ərzində Bakı şəhərində məktəblərin mütləq əksəriyyəti əsaslı təmir olunub. Hələ ki, təmirsiz 17 məktəb var. Biz gələn il və 2018-ci ildə onları da təmir edəcəyik. Bəzi məktəblərdə uşaqlar iki növbədə oxuyurlar, o cümlədən bu məktəbdə. Bizim məqsədimiz ondan ibarətdir ki, bütün məktəblər birnövbəli fəaliyyətə keçsinlər. Əlbəttə, buna nail olmaq üçün ya yeni korpuslar, ya da yeni məktəblər tikilməlidir, o cümlədən bu ərazidə”.
Prezident son on il ərzində Azərbaycanda üç mindən çox məktəbin tikildiyini və ya əsaslı şəkildə təmir edildiyini vurğulayıb: “Düzdür, hələ də qəzalı vəziyyətdə məktəblər var. Ancaq onların da tikintisi, bərpası nəzərdə tutulur və hesab edirəm ki, gələn yaxın illər ərzində bir dənə də təmirsiz, qəzalı məktəb olmayacaq. Bütün bu işlər böyük vəsait tələb edir. Azərbaycan dövləti güclü dövlətdir və sosial sahə, təhsil sahəsi bizim üçün prioritetdir. Biz bu məqsədlərə nail olmaq üçün lazımi maliyyə resursları da təmin edirik.
Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əmək haqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun.
Azərbaycan uğurla inkişaf edən ölkədir. Son illər ərzində biz bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atmışıq. Elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, insanlar hazırlıqlı, gənclər bilikli olmalıdırlar. Əgər inkişaf etmiş ölkələrin tarixinə və bu gününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyatda, sənayedə, bütün sahələrdə çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar bu dinamikaya əlavə güc verəcək. Ona görə təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır”.
İlham Əliyev deyib ki, Azərbaycan dövləti güclü dövlətlər sırasındadır: “Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik və nəticələr də göz qabağındadır. Bu gün biz bütün istiqamətlər üzrə inkişafdayıq, güclü iqtisadiyyat qurmuşuq, güclü sosial sahə yaratmışıq, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana – bütün bunlar Azərbaycan dövlətinin gördüyü işlərdir. Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil. Ona görə, hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır. Bu gün bizim taleyimiz öz əlimizdədir. Biz əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq və o dövrü indiki dövrlə müqayisə edəndə görürük ki, ən sürətli inkişaf dövrü müstəqillik dövrüdür. Nəyə görə? Çünki taleyimiz öz əlimizdədir.
Biz öz gələcəyimizi qururuq, biz qabağa gedirik. Bu müsbət dinamikanı davam etdirmək, inkişafı dayanıqlı etmək üçün vətənpərvərlik, milli dəyərlər, milli ruh xüsusi yer tutur. Çünki dünyada bizim önəmimiz artır. Bizim işimizə qarışmaq istəyənlərin sayı da az deyil. Bu illər ərzində müxtəlif dövrlərdə bizim işimizə qarışmaq istəyənlər öz məqsədlərini güdürdülər. O məqsədlər bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır – bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir. Bu isə bizim üçün fəlakət olar.
Biz başqa ölkələrin təcrübəsini, yaxın tarixini görürük. O ölkələr ki xaricdən idarə olunur, o ölkələr dağıdılır. O ölkələr ki xarici mənfi təsirə qarşı müqavimət göstərmir, o ölkələr, xalqlar məhv olur. Son 10 il ərzində Yaxın Şərqdə milyonlarla insan həlak olub. On milyonlarla insan əlil, qaçqın, köçkün olub, ölkələr, bütün infrastruktur dağıdılıb. Bunu edənlər xarici qüvvələrdir. Bizim gənclər də, müəllimlər də bu reallığı bilməlidirlər. Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz. Mən istəyirəm ki, burada, bu mərasimdə iştirak edən gənclər də gələcəkdə bu yolla getsinlər. Çünki gələcəkdə ölkəmizi gənclər idarə edəcəklər. Ölkələrin inkişafını şərtləndirən onun insanlarıdır. Ölkəni hansı insanlar idarə edirlərsə və xalq onları dəstəkləyirsə, bax, o siyasət də aparılır. Ona görə biz həmişə müstəqil olmalıyıq. Heç vaxt müstəqilliyimizi əldən verməməliyik. Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq”.