Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanla bağlı hesabat yayıb. “Azadlıq” radiosunun məlumatına görə, hesabatda bildirilir ki, Azərbaycan neft gəlhagəli illərində xeyli ehtiyat yığıb və böyük sərmayələr qoyub, amma ölkənin iqtisadiyyatı şaxələndirmək cəhdləri axsayıb: “Hakimiyyət neftin ucuzlaşmasını tərəfdaşları ilə ticarətdəki zəif artımla uzlaşdırmaq məqsədilə addımlar atıb. 2015-ci ildə Mərkəzi Bank iki devalvasiyaya gedib və idarəolunan üzən məzənnəyə keçib”.
BVF ölkədə inflyasiyanın artdığını, büdcə defisiti yarandığını qeyd edir: “Maliyyə sektorunun durumu pisləşib. İnflyasiyanı cilovlamaq və valyutanı dəstəkləmək məqsədilə pul siyasəti sərtləşdirilib. Ölkənin ən böyük bankı (Beynəlxalq Bank – red.) yenidən qurulur, bəzi kiçik banklar qapadılır, yaxud onların işinə müdaxilə olunur, yeni maliyyə nəzarəti agentliyi (Maliyyə Bazarlarına Nəzarət Palatası – red.) yaradılıb.
Azərbaycan iqtisadiyyatının mərkəzində neft və qaz durur. 2006-2014-cü illərdə neftin qiyməti yüksək olanda ümumi daxili məhsulun və hökumətin gəlirlərinin üçdə ikisini, eləcə də ixracın 90 faizini karbohidrogen ehtiyatları təşkil edirdi. 2016-2019-cu illərdə neft hasilatı azalır, neftin qiyməti isə düşüb. İndi də hökumət təbii qaz çıxarmaya və yeni kəmər şəbəkəsinə yönəlib. Neft ehtiyatları 7 milyard barrel həcmindədirsə, qaz ehtiyatlarının 2,5 trilyon kubmetr olduğu bildirilir. Hakimiyyət xarici neft şirkətlərinin konsorsiumu ilə yeni hasilatın pay bölgüsü sazişi üzrə danışıqlar aparır.
Qısamüddətli iqtisadi perspektivlər zəif görünür. İndiki siyasət davam edərsə, 2016-cı ildə artım azalacaq və gələn bir neçə il ərzində də ləng gedəcək. İnflyasiya isə tədricən düşəcək. Neft çiçəklənməsi dövrünün pul toxluğu növbəti 3 il ərzində defisitə çevriləcək. Devalvasiyalar idxalı məhdudlaşdırdıqca və qeyri-ənənəvi ixracı dəstəklədikcə cari hesab balansı da düzəlməlidir. Hökumət ödənişlərdəki problemin həllindən ötrü Neft Fondundan kiçik bir hissə vəsait götürməyi planlaşdırır. Davamlı artımın təmin olunması məqsədilə hökumət iqtisadiyyatı sürətlə şaxələndirməyə strategiya hazırlayır, bunu biznesə xoş mühit yaratmaqla və struktur islahatları aparmaqla etmək istəyir. İqtisadi artım hələ də neft sarsıntılarına və hökumətin xərcləmələrinə bağlıdır. Maliyyə sektorundakı yenidənqurma artıma böyük risk yaradır”.
BVF konsultasiya və tövsiyələrin əsas məzmununu da açıqlayır: “Əsas hədəf makro siyasəti yeni xarici mühitə uyğunlaşdırmaq, monetar və fiskal çərçivələri modernləşdirmək, özəl sektorun artımı yolu ilə diversifikasiyanı gücləndirmək üçün struktur islahatlarının sürətləndirilməsidir.
Valyutadəyişmə məzənnəsinin çevikliyi idarəolunan üzən məzənnə çərçivəsində artırılmalıdır, bununla ehtiyatlar qoruna, şoklar həzm oluna bilər. Səmərəsiz banklar qapadılmalı, bank sistemi yenidən qurulmalıdır. İqtisadi potensialı artırmaqdan ötrü struktur islahatları gerçəkləşdirilməlidir – idarəçilik gücləndirilməli, biznes qurmağın xərci azaldılmalı, rəqabət və ticarət baryerləri qaldırılmalıdır”.
Hesabatda daha öncəki məsləhətləşmələrdən sonra görülən işlərdən də söz açılır. Qeyd olunur ki, hökumət 2014-15-ci illərdə fiskal konsolidasiya yönündə irəliləyib, bu yaxınlarda maliyyə sektorundakı problemlərlə də məşğul olmağa başlayıb: “2016-cı ildə məzənnə çevikliyinə daha çox şərait yaradılıb. Amma fiskal çərçivənin gücləndirilməsi, idarəçilik və biznes mühitinin yaxşılaşdırılmasına yönəlik islahatların sürəti artmayıb”.
Ümumilikdə BVF hökumətin neftin ucuzlaşmasına uyğunlaşmağa və tərəfdaşları ilə ticarətdə zəif artımı düzəltməyə yönələn addımlarını alqışlayır, amma qeyd edir ki, çətin xarici mühit yaxın perspektivdə makroiqtisadi nəticələri əngəlləyə bilər. Fond makroiqtisadi sabitliyi və maliyyə sabitliyini təmin etməyə, şaxələnmiş və özəl sektorun öndə getdiyi iqtisadiyyatdan ötrü islahatları sürətləndirməyə çağırır.