Sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanda insan haqlarının durumu və bunun ABŞ siyasətinə təsiri ilə bağlı dinləmə keçiriləcək. Dinləmədə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç çıxış edəcəklər.
Azadliq.org-un məlumatına görə, komissiyanın “Azərbaycan: insan haqlarının əhəmiyyəti varmı?” adlı dinləmə haqqında açıqlamasında deyilir: “Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan hökuməti 2014-cü ildən bəri narazılara təzyiqi gücləndirib, jurnalistləri, müxalif və dini fəalları, vətəndaş cəmiyyəti üzvlərini həbsə atdırıb. ABŞ-ın maliyyələşdirdiyi “Azadlıq” radiosu və bir sıra qeyri-hökumət təşkilatı ölkədən çıxarılıb. “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl il yarım qondarma ittihamlarla həbsdə yatıb. Etibarlı mənbələrə görə, ölkədə 100-dən artıq şəxs siyasi ittihamlarla həbsdə yatır”.
Açıqlamada vurğulanır ki, ölkədə məhdudlaşdırıcı qanunlar QHT-lərin və müstəqil medianın işinə əngəl yaradır, indiyədək keçirilmiş seçkilərdə səslərin sayılmasından tutmuş ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarının məhdudlaşdırılmasınadək bir sıra pozuntular qeydə alınıb.
Komissiya diqqəti ölkə konstitusiyasına təklif olunan dəyişikliklərə çəkir, sentyabrın 26-na təyin olunmuş referendumda prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılacağı bildirilir, prezident İlham Əliyevin artıq üçüncü müddət bu vəzifədə qaldığı vurğulanır: “Son günlər dəyişikliklərin əleyhinə çıxanların saxlanması barədə məlumatlar gəlir. Azərbaycan hökuməti Birləşmiş Ştatların vacib strateji müttəfiqidir və yuxarıda göstərilənlər ABŞ-n bu ölkə ilə bağlı siyasətinə dair ciddi suallar yaradır. Şahidlər ölkədə insan haqları, konstitusiyaya təklif olunan dəyişikliklər və ABŞ-ın bu ölkə üzrə siyasəti ilə bağlı sualları cavablandıracaqlar”.