Özbəkistanda növbədənkənar prezident seçkisi təyin olundu
Özbəkistanda növbədənkənar prezident seçkisi dekabrın 4-nə təyin olunub. Novator.az xəbər verir ki, qərarı ölkənin Mərkəzi Seçki Komissiyası sentyabrın 9-da qəbul edib.
Özbəkistana 1989-cu ildən rəhbərlik edən prezident İslam Kərimov 2016-cı il sentyabrın 2-də dünyasını dəyişib. Konstitusiyaya görə, prezident səlahiyyətləri Ali Məclisin yuxarı palatası olan Senatın sədri Niqmatilla Yoldaşova keçib. Sentyabrın 8-də Niqmatilla Yoldaşov prezident səlahiyyətlərinin icrasından imtina edib və baş nazir Şövkət Mirziyayev dövlət başçısı səlahiyyətlərinə yiyələnib.
Mərhum prezident İslam Kərimov 1989-cu ilin iyun ayının 23-də Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən Özbəkistanın başında dayanırdı. 1990-cı il martın 24-də parlamentin qərarı ilə prezident vəzifəsinə gətirilən İslam Kərimov 1991-ci ildə Özbəkistan müstəqillik əldə etdikdən sonra beş dəfə dövlət başçısı seçilmişdi.
Növbəti prezident kimi ən çox adı çəkilən şəxslərdən biri baş nazir Şövkət Mirziyayevdir. 59 yaşlı Şövkət Mirziyayev 1981-ci ildə Daşkənd İrriqasiya və Meliorasiya İnstitutunu bitirib. 1992-ci ilədək həmin institutda elmi işçi, komsomol təşkilatının katibi, partiya təşkilatının rəhbəri, 1-ci prorektor vəzifələrində çalışıb.
1990-cı ildə Özbəkistan Ali Sovetinin, 1994 və 1999-cu illərdə Ali Məclisin deputatı seçilib. Daşkəndin Mirzə-Uluqbəy rayonunun, Cizak və Səmərqənd vilayətlərinin hakimi olub.
2003-cı il dekabrın 12-dən baş nazirdir. Liberal Demokrat Partiyasının üzvüdür.