Sentyabrın 8-də Özbəkistanın baş naziri Şövkət Mirziyayev prezident səlahiyyətlərinin müvəqqəti icraçısı təyin olunub. Qərar Ali Məclisin yuxarı və aşağı palatalarının birgə iclasında qəbul edilib.
Özbəkistana 1989-cu ildən rəhbərlik edən prezident İslam Kərimov 2016-cı il sentyabrın 2-də dünyasını dəyişib. Konstitusiyaya görə, prezident səlahiyyətləri Ali Məclisin yuxarı palatası olan Senatın sədri Niqmatilla Yoldaşova keçib. Novator.az-ın məlumatına görə, sentyabrın 8-də Niqmatilla Yoldaşov prezident səlahiyyətlərinin icrasından imtina edib və baş nazir dövlət başçısı səlahiyyətlərinə yiyələnib.
Prezident seçkisi 3 ay ərzində keçirilməlidir.
Şövkət Mirziyayev 1957-ci il iyulun 24-də Cizak vilayətində anadan olub. 1981-ci ildə Daşkənd İrriqasiya və Meliorasiya İnstitutunu bitirib. 1992-ci ilədək həmin institutda elmi işçi, komsomol təşkilatının katibi, partiya təşkilatının rəhbəri, 1-ci prorektor vəzifələrində çalışıb. Texnika elmləri namizədidir.
1990-cı ildə Özbəkistan Ali Sovetinin, 1994 və 1999-cu illərdə Ali Məclisin deputatı seçilib.
1992-ci ildə Daşkəndin Mirzə-Uluqbəy rayonunun hakimi təyin olunub. 1996-cı ildə Cizak vilayətinin hakimi vəzifəsinə keçirilib. 2001-ci ildə Səmərqənd vilayətinin hakimi vəzifəsinə təyinat alıb.
2003-cı il dekabrın 12-dən baş nazirdir. Liberal Demokrat Partiyasının üzvüdür.
Şövkət Mirziyayevin Rusiyada yaşayan məşhur özbək milyarder Əlişir Usmanovla qohumluq əlaqələri var.