Hesablama Palatası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində həyata keçirdiyi audit üzrə hesabat yayıb. Qeyd olunur ki, audit dövlət büdcəsindən ayrılmış subsidiyalarla birlikdə 2014-cü il üzrə 80,4 milyon, 2015-ci il üzrə 90,6 milyon manat, həmçinin cəlb edilən kredit resursu nəzərə alınmaqla dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılan 602 milyon manat vəsaiti əhatə edib.
Auditlə müəyyən olunub ki, metropolitenlə sərnişindaşıma xidmətləri üzrə bir gedişin daşınma xərci (maya dəyəri) maliyyə hesabatlarında 4-5,5% aralığında (2015-ci ildə 0,54 manat) artıq göstərilib. Eyni zamanda qeyri-rezidentlərin gəlirlərinin vergilərə cəlb olunmamasına, hesablanmış ƏDV məbləğlərinin dövlət büdcəsinə ödənilməməsinə yol verilib: “Metro stansiyalarının sahəsində müvafiq qaydada rəsmiləşdirilmədən ticarət fəaliyyəti həyata keçirilib, cəmiyyətin struktur vahidinin texniki pasportu ilə müəyyən edilən ərazisindən hər hansı əsas olmadan yaşayış və kommersiya təyinatları üzrə istifadə olunub, eyni zamanda metro stansiyalarında yığılıb-sökülən konstruksiyaların alınması və quraşdırılması istiqamətində vəsaitlərin xərclənməsinə baxmayaraq həmin ticarət sahələrindən hər hansı formada gəlirlərin əldə olunması rəsmiləşdirilməyib.
Funksional fəaliyyətlə bağlı olmayan alışlar üzrə satınalma proseduraları tətbiq edilmədən birbaşa müqavilələr bağlanıb, eyni malların satın alınması üzrə ayrılan vəsait məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı hissələrə bölünərək satınalma metodu dəyişdirilib, satın alınacaq malların ehtimal olunan qiymətləri müəyyən edilməyib. Bəzi hallarda mallar birbaşa istehsalçılardan deyil, rəsmi təmsilçilik hüququ olmayan şirkətlərdən satın alınıb, güzəştli gömrük rüsumu rejimlərindən istifadə olunmayıb, təsərrüfat üsulu ilə yerinə yetirilmiş tikinti işləri sifarişçi-podratçı qaydasında tətbiq edilən əlavələrlə rəsmiləşdirilib, eləcə də istehsal edilərək daxili istehlaka yönəldilən dəmir-beton məmulatlarının kalkulyasiyasına mənfəət normasının daxil edilməsi nəticəsində dövlət vəsaitlərinə qənaət edilməyib.
Məlum olub ki, metro tikintisi üzrə bəzi işlər təcrübəsi və böyük potensialı olmayan podratçı şirkətlər vasitəsilə həyata keçirilib, bəzi obyektlərin layihə və smeta sənədləri ekspertizadan keçirilməyib, layihə-smeta sənədlərində nəzərdə tutulmayan işlərin qəbul edilməsi hallarına yol verilib.
Qanunvericiliklə müəyyən edilmiş əsaslar, o cümlədən qarşılıqlı razılıq və məhkəmə qərarı olmadan 6 milyon manat vəsait metro tikintisi çərçivəsində layihə altına düşən ayrı-ayrı əmlaklara görə kompensasiyaların ödənilməsi üçün “Bank Technique” ASC-yə köçürülüb, müvafiq təyinatlar üzrə isə icra olunmayıb və uzun müddət ərzində bank hesabında istifadəsiz qalmasına baxmayaraq maliyyə hesabatlarında kapital qoyuluşları kimi göstərilməyib.
Maliyyə hesabatları müvafiq qaydada təsdiqlənməyib, nizamnamə kapitalının miqdarı uçot sənədlərində artırılsa da, nizamnamədə müvafiq dəyişikliklərin edilməsi üçün tədbirlər həyata keçirilməyib.
Hesablama Palatasının Kollegiyası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. Nazirlər Kabinetinə, Vergilər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məlumatların göndərilməsi qərara alınıb. Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib”.