Transparency.az bildirir ki, 26 sentyabr referendumunun ödənişli təşviqat kampaniyasına 10 agentlik və sayt, 15 qəzet, 7 teleradio şirkəti qoşularaq Mərkəzi Seçki Komissiyasına ödənişin əsasları, şərtləri və məbləği barədə məlumat təqdim edib (Siyahı).
26 sentyabr referendumunun təşviqatına qatılan təşəbbüs qruplarının ödənişsiz efir vaxtından necə istifadə edəcəyi isə hələ məlum deyil. Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli sentyabrın 6-da Transparency.az-a deyib ki, bu məsələ ilə bağlı yekun qərar həftə ərzində veriləcək.
Sentyabrın 3-dən konstitusiya dəyişiklikləri referendumunun təşviqatı başlayıb. Bu mərhələ ayın 25-dək davam edəcək.
Sentyabrın 26-da keçiriləcək referenduma konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi çıxarılıb. Ana qanuna bir neçə yeni maddə də təklif olunur. Dəyişikliklər prezident seçilmək üçün 35, hakim olmaq üçün 30, deputat mandatı almaq üçün 25 yaş şərtlərini aradan qaldırır, prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilir.
Başqa bir yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.
Seçki Məcəlləsi Mərkəzi Seçki Komissiyasının qeydə aldığı təşviqat qruplarına İctimai Televiziya və Radio Yayımları Şirkətinin ödənişsiz efir vaxtından istifadə hüququ verir. Efir vaxtı qeydə alınmış təşviqat qrupları arasında bərabər bölünməlidir.
Mərkəzi Seçki Komissiyası 3 təşəbbüs qrupunu qeydə alıb: “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti”.
Seçki Məcəlləsinə əsasən, referendumda təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır (3 saat televiziyada, 3 saat radioda).