“Hökumət əks-dollarlaşma strategiyası hazırlamalı, makroiqtisadi sabitliyə yönələn tədbirlərin icrasına başlamalıdır”. İqtisadçı ekspert Samir Əliyev ölkədə makroiqtisadi sabitliyin təmin olunması, milli valyutanın iqtisadiyyatda rolunun artırılması və əhalinin inamının bərpası üçün bu cür addım atmağı zəruri hesab edir.
Transparency.az-ın məlumatına görə, ekspert “Manatın xilası — əks-dollarlaşma” məqaləsində yazır ki, etibarlı pul-kredit və məzənnə siyasətinə, aşağı və sabit inflyasiya səviyyəsinə, maliyyə bazarının genişlənməsinə iqtisadiyyatda dollarlaşma səviyyəsini aşağı salmaqla nail olmaq mümkündür: “İqtisadiyyatda dollarlaşma səviyyəsinin aşağı salınması vacib olmaqla yanaşı uzunmüddətli və mürəkkəb prosesdir. Yalnız kompleks tədbirlər və düzgün koordinasiya hesabına uğurlu nəticəyə nail olmaq mümkündür. İqtisadiyyatda idxalın yüksək səviyyəsi əks-dollarlaşma prosesini ləngidən amildir. Valyuta bazarını və maliyyə alətlərini inkişaf etdirmədən dollardan imtina çətin görünür. Çevik valyuta məzənnəsi əsasında inflyasiya hədəflənməsi rejimi və büdcə maraqlarından çıxış etməyən pul-kredit siyasəti maliyyə bazarının əks-dollarlaşması üçün əlverişli əsas ola bilər. Əks-dollarlaşma siyasəti müxtəlif ölkələrdə həyata keçirilib və bu siyasət bazar alətlərinə və inzibati tədbirlərə əsaslanıb”.
Ekspert Mərkəzi Bankın iştirakı ilə hazırlana biləcək əks-dollarlaşma strategiyasında aşağıdakı tədbirlərin nəzərdə tutula biləcəyini qeyd edir:
— kapital bazarının inkişaf etdirilməsi, bank sektorunun liberallaşdırılması və rəqabətin gücləndirilməsi;
— alternativ maliyyə alətləri bazarının inkişaf etdirilməsi, o cümlədən milli valyutada buraxılan dövlət istiqrazlarının inflyasiyaya uyğun indeksləşdirilməsi;
— xarici valyutada olan əmanətlərə dair tələblərin sərtləşdirilməsi (məcburi ehtiyat normalarının 1 faizdən 3 faizə artırılması, əmanətlərdən əldə edilən gəlirlərin vergiyə cəlb olunması);
— milli valyutada olan əmanətlərin stimullaşdırılması (əmanətlərin sığortalanma faizlərinin 12 faizdən 15 faizə qaldırılması);
— manat əmanətlərini kəskin məzənnə dəyişikliyindən sığortalamağa imkan verən indeksləşmə mexanizminin yaradılması;
— istehlak kreditlərinin və mikro kreditlərin illik faiz dərəcələrinə tətbiq edilən tavanın (uyğun olaraq 29 faiz və 25 faiz) ləğv olunması;
— xarici valyutada olan istehlak kreditlərinin milli valyutaya konvertasiyası imkanlarının araşdırılması və banklara tövsiyə edilməsi;
— nağdsız ödənişlərə keçidin sürətləndirilməsi və nağd ödənişlərə məhdudiyyətlərin (1-2 min manatdan yuxarı) tətbiqi;
— Mərkəzi Bankın banklara milli valyutada məqsədli kreditlər verməsi;
— Mərkəzi Bankın nəzdində problemli kreditlər üzrə fondun yaradılması, həmin fondun banklara uzun müddətə, aşağı faizlə yerləşdirdiyi depozitlər hesabına dollar kreditlərinin manata konvertasiyası.
Samir Əliyev sadalananlara paralel tədbirlərin görülməsini də vacib sayır: “Xarici ölkələrin təcrübəsi göstərir ki, heç də bütün tədbirlər effektiv nəticələr vermir. Əks-dollarlaşma siyasəti fiskal konsolidasiya (büdcə xərclərinin optimallaşdırılması, struktur islahatlarının aparılması, büdcə daxilolmalarının iqtisadi stimullaşdırma tədbirləri hesabına artması) və sərt pul-kredit siyasətini (tələbin azaldılması hesabına inflyasiyanın aşağı salınması, real və nominal mübadilə məzənnəsinin artması) nəzərdə tutan makroiqtisadi sabitliyə əsaslanır.
Əks-dollarlaşma təkcə maliyyə sektoru ilə yekunlaşmamalıdır. İqtisadi artıma nail olmaq, qiymətlərin sabitliyini təmin etmək, emal sənayesini inkişaf etdirmək, xarici valyutanın qeyri-rəsmi dövriyyəsini azaltmaq, yerli məhsul istehsalını artırmaq da bu tədbirlərlə yanaşı aparılmalıdır”.