“Azadlıq” qəzetinin fəaliyyəti dayanıb. Redaksiyanın Azadliq.info-da yaydığı məlumata görə, buna səbəb Prezidentin İşlər İdarəsinə tabe olan “Azərbaycan” nəşriyyatının qəzetin çapından qeyri-müəyyən vaxtadək imtina etməsidir. İmtinaya əsas kimi qəzetin nəşriyyata olan borcu göstərilib. “Azərbaycan” nəşriyyatı borcun bir hissəsinin ödənilməsi üçün qəzetə sentyabrın 5-dək vaxt vermişdi. Deyilən vaxtda vəsait ödənmədiyindən qəzetin çapı dayandırılıb.
“Azadlıq”ın redaksiyası bildirir ki, borcu ödəyə bilməməsinin səbəbi qəzetin bank əməliyyatı apara bilməməsidir. Qəzetin maliyyə direktoru Faiq Əmirli həbs edilib. Onun səlahiyyətlərini icra etməsi, bank əməliyyatları apara bilməsi üçün başqa şəxsin imza nümunəsi rəsmən təsdiqlənməlidir. Ancaq redaksiya bildirir ki, dövlət orqanı lazımi sənədlərin qaydasında olmadığını əsas gətirərək Faiq Əmirlini əvəzləyəcək şəxsin imza nümunəsini təsdiqləməkdən imtina edib.
Faiq Əmirli avqustun 20-də tutulub. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. İstintaq onu ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın nümayəndəsi olmaqda, Azərbaycanda “fətullahçılığı” təbliğ etməkdə, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını pozmaqda, öz qulluq mövqeyindən istifadə etməklə sosial, dini nifrət və düşmənçilik salmaq cəhdində günahlandırır.
Faiq Əmirli, “Azadlıq” qəzetinin redaksiyası və AXCP rəhbərliyi ittihamları rədd edir, həbsin siyasi xarakter daşıdığını vurğulayır.
“Azadlıq” qəzeti 1989-cu il dekabrın 24-dən çıxır. 1991-cı ilədək qəzet həftədə 1 dəfə işıq üzü görüb, sonralar dövriliyini tədricən artıraraq gündəlik nəşrə çevrilib.