Rusiya prezidenti Vladimir Putin “Bloomberg” agentliyinə müsahibəsində ölkənin gələcək liderini necə təsəvvür etdiyindən də danışıb.
Novator.az-ın məlumatına görə, Putin deyib ki, Rusiyanın gələcək lideri kifayət qədər gənc, amma kamil adam olmalıdır.
Rusiyada növbəti prezident seçkisi 2018-ci ildə keçiriləcək. “Bloomberg”ə müsahibəsində Putin həmin seçkidə namizədliyini irəli sürüb-sürməyəcəyinə aydınlıq gətirməyib. O deyib ki, hələlik bununla bağlı hər hansı qərar verməyib.
Müsahibəsində Putin dövlət işinin çətinliyindən də şikayətlənib. Bildirib ki, indi Rusiyada dövlət məsələlərini həll etmək İvan Qroznı, II Nikolay dövrünə və ya Stalinin, Xruşşovun, Brejnevin SSRİ-yə rəhbərlik etdikləri dövrə nisbətən daha çətindir.
Putinin iddiasına görə, xaricdən, əsasən də Qərbdəki tərəfdaşlardan gələn tənqidlərə baxmayaraq Rusiyada demokratiya inkişaf edir: “Məsələn, bu ay Dövlət Dumasına seçki keçiriləcək. Həmin seçkidə əvvəlki illərə nisbətən daha çox partiya iştirak edəcək. Və bu da, sözsüz ki, seçki kampaniyasının gedişinə, nəticəsinə təsir göstərəcək”.
Vladimir Putin 1952-ci ildə doğulub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini və DTK-nın Moskvadakı 1 saylı Ali Məktəbini bitirib. Uzun illər dövlət təhlükəsizlik orqanlarında çalışıb. 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib. 1999-cu il avqustun 16-da isə baş nazir təyin olunub. 1999-cu il dekabrın 31-də prezident Boris Yeltsin istefa verib və növbədənkənar seçkiyə qədər prezident vəzifəsinin icrası Putinə tapşırılıb. 2000-ci il martın 26-da Putin prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci il martın 4-də yenidən prezident seçilib.