Sentyabrın 5-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir: “Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifə səlahiyyətlərini aşması və sair faktlarla bağlı işin istintaqını davam etdirir.
Ayrı-ayrı vətəndaşlar və sahibkarlardan daxil olmuş çoxsaylı müraciətlər üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə rəisi Akif Çovdarov, həmin baş idarənin 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun 2005-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edib sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçirməklə əldə edilmiş şəxsi, ailə, kommersiya və peşə sirri təşkil edən məlumatlardan istifadə edib çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını əldə etmək məqsədilə xidməti odlu silah və silah kimi istifadə edilən əşyaların tətbiqi, binalara qanunsuz girməklə müşayiət olunan hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqınlar təşkil edib nazirliyin inzibati binasına gətirilib ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərinin məhdudlaşdırıb xidməti otaqlarda saxladıb qanunsuz azadlıqdan məhrum etmələrinə şübhələr müəyyən edilib.
Həmin şəxslərin külli miqdarda pul vəsaitlərinin əllərindən alınması səbəbindən müflisləşmələri, onların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 62 nəfər zərər çəkmiş şəxsin ümumilikdə 17 milyon 172 min manat, o cümlədən 6 milyon 900 manat məbləğində külli miqdarda pul vəsaitlərini, 9 milyon 375 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 897 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 2 milyon 917 min manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən edilib.
Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub”.
Akif Çovdarov və başqalarının işi sentyabrın 5-də baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İttiham aktını baş prokuror təsdiq edib. Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin digər vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.