Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən 7 nəfərin işi üzrə proses keçirilir.
İttiham aktına görə, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyev digər şəxslərlə qabaqcadan əlbir olaraq mütəşəkkil qrup yaradıb və həmin qrupa rəhbərlik edib, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib. Qeyd olunur ki, Cahangir Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan Beynəlxalq Bankın filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər, Beynəlxalq Banka ümumilikdə 211 milyon 597 min manat məbləğində ziyan vurublar.
Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyev və digər 7 şəxs (filial rəhbərləri olmuş Anar Sultanov, İlqar Abdullayev, Yusif Ələkbərov, Kənan Orucov, Məmməd Cahangirov, “İnter Security” MMC-nin sabiq direktoru İbrahim Hüseynov, Bakı Fındıq Emalı Zavodunun direktoru işləmiş Azad Cavadov) həbs edilib.
2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev məhkəmə iclaslarının birində deyib ki, Beynəlxalq Bankın Audit Komissiyasının üzvləri Maliyyə Nazirliyinin işçiləri idi: “Onlar bankda oturub bütün qərarlara qol çəkiblər. Amma ittiham aktında Audit Komissiyasında, Maliyyə Şurasında, bankın İdarə Heyətində olan şəxslərlə bağlı heç nə yoxdur. Bu məsələlər mütləq araşdırılmalıdır. Maliyyə naziri Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta özü burada mənim yanımda əyləşməlidir. Bunu sübut eləyən faktlarım var”.
Beynəlxalq Bankın Müşahidə Şurasına rəhbərlik etmiş maliyyə naziri Samir Şərifovun ünvanına başqa ittihamlar da səsləndirilir.
Sentyabrın 2-də Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev APA-Economics-ə deyib ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədrinin həqiqəti əks etdirməyən və hər hansı fakta söykənməyən açıqlamaları törətdiyi cinayətləri siyasiləşdirmək, ictimaiyyətin diqqətini məhkəmə predmeti olan əməllərindən yayındırmaq və mühakiməyə aidiyyəti olmayan məsələlərə yönəltmək məqsədi daşıyır: “Həmin şəxsin (Cahangir Hacıyev – red.) məhkəmə iclasında etiraf etdiyi kimi, qaytarılmayan kreditlərin ayrılması bilavasitə onun şəxsi qərarları və tapşırıqları əsasında həyata keçirilib. Bu zaman Müşahidə Şurasının müəyyən etdiyi kredit riskləri üzrə limitlər kobud şəkildə pozulub. Limitlər aşdığı təqdirdə Müşahidə Şurasının razılığı olmalı idi.
Bir çox hallarda isə kreditlər bankın İdarə Heyətinin sabiq sədrinin ayrı-ayrı xarici ölkələrdə yaradılmış və sahibliyi ona məxsus olan müxtəlif ofşor şirkətlərə ötürülərək banka heç bir fayda gətirməyən layihələrin həyata keçirilməsinə yönəldilib və ya nağdlaşdırılaraq mənimsənilib.
2009-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Müşahidə Şurasının qərarlarına zidd olaraq hüquqi və fiziki şəxslərə 1,5 milyon manat limitindən yuxarı məbləğlərdə, ümumilikdə 1,3 milyard manat, 1,4 milyard dollar və 300 milyon avro həcmlərində kreditlər verilib, onların da əksəriyyəti uzun müddət ərzində qaytarılmayaraq problemli və ümidsiz kreditlər qrupuna aid edilib. Eyni zamanda bankın sabiq rəhbərliyinin göstərişləri ilə mövcud qanunvericiliyə zidd olaraq 2 minə yaxın halda 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılaraq hər hansı müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti ofşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunub. Bu vəsaitlər sonradan çoxpilləli köçürmələr vasitəsilə son benefisiarı və ya benefisiarlardan biri Cahangir Hacıyev olduğu layihələrə yönəldilib, onların əksəriyyəti bu günədək qaytarılmamış qalmaqdadır.
O ki qaldı Müşahidə Şurasının qərarları ilə rəsmiləşdirilməsinə razılıq verilən kreditlərə, bunların sayı 7, ümumilikdə məbləği isə 250 milyon ABŞ dolları və 261 milyon manat təşkil edib, kreditlərin hamısı bağlanıb”.