Azərbaycanın işğal olunmuş ərazisinə səfər edən Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın 2-də qanunsuz Dağlıq Qarabağ rejiminin 25 illiyi tədbirlərinə qatılıb. Novator.az-ın məlumatına görə, tədbir iştirakçıları Xankəndinin baş meydanından işğalçı Qarabağ müharibəsində ölmüş şəxslərin dəfn olunduğu qəbiristanlığa yürüş keçiriblər.
Tədbirdə Serj Sərkisyanı işğalçı rejimin başçısı Bako Saakyan və sabiq lideri Arkadi Qukasyan da müşayiət edib.
Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfəri sentyabrın 1-də başlayıb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi 1991-ci il sentyabrın 2-də özünü müstəqil dövlət elan edib. Bunun ardınca başlayan işğalçı müharibədə Ermənistan Azərbaycanın bütün cənub-qərbini tutub. Hazırda Dağlıq Qarabağ bölgəsi, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal altındadır.
2008-ci ildən prezident postunu tutan Serj Sərkisyan 23-cü dəfədir Dağlıq Qarabağa səfər edir. O, işğalçı müharibənin ən qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən isə Ermənistanın müdafiə naziri olub.