İşğalçı Dağlıq Qarabağ rejiminin qurulmasından 25 il ötür. Transparency.az bununla bağlı qısa arayışı təqdim edir.
1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib.
1988-ci ilin fevral ayında Dağlıq Qarabağ erməniləri vilayəti Ermənistana birləşdirmək tələbi ilə separatçı hərəkata, işğalçı müharibəyə başlayıb. Həmin vaxt muxtar vilayət Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət olub.
Dağlıq Qarabağ Muxtar Vilayətində dövlət hakimiyyəti orqanı Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti idi. Xalq Deputatları Soveti ümumxalq seçkisində seçilirdi.
“Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanuna görə, bölgənin ərazisi Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin razılığı olmadan dəyişdirilə bilməzdi. Muxtar vilayətin inzibati ərazi quruluşu məsələləri muxtar vilayətin müvafiq dövlət orqanlarının rəyi nəzərə alınmaqla həll edilirdi.
1981-ci il qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinə 22 səlahiyyət verilmişdi. Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti beş il müddətinə Dağlıq Qarabağ Muxtar Vilayətinin vilayət məhkəməsini seçirdi. Dağlıq Qarabağ Muxtar Vilayəti prokurorunu SSRİ baş prokuroru təyin edirdi.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ özünü müstəqil dövlət elan edib. İşğalçı rejim Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan rayonunun ərazisində elan olunub (Şaumyan rayonu Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib. 1992-ci ildə erməni silahlı birləşmələrindən tam qurtulmuş bu ərazi Goranboy rayonunun tərkib hissəsidir).
Həmin il noyabrın 26-da Azərbaycan Respublikası parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub, 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret və 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb.
Azərbaycan parlamenti tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırıb. Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilib. Milli Məclisin 13 oktyabr 1992-ci il qərarı ilə isə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.
Hazırda Dağlıq Qarabağ bölgəsi (Ağdərə və Xocavəndin kiçik hissələrini çıxmaqla) işğalçı rejimin nəzarətindədir. Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağdan əlavə 7 rayonu (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı və Cəbrayılı tam, Ağdam, Füzulini qismən), Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini zəbt edib.
1988-1994-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı həlak olub. Təkcə Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürülüb.
1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.
Transparency.az bildirir ki, Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmələrlə qurulmuş separatçı Dağlıq Qarabağ rejimi 1991-ci ildən indiyəcən seçki adı altında 19 qanunsuz aksiya keçirib: 6 “parlament seçkisi”, 5 “prezident seçkisi”, 6 “bələdiyyə seçkiləri”, 2 “referendum”.