“Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur”. Prezident İlham Əliyev sentyabrın 1-də Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində belə deyib.
AZƏRTAC-ın məlumatına görə, zavodun kollektiv ilə görüşündə İlham qeyd edib ki, “Şahdəniz-2” platformasının dayaq blokunun dənizə yola salınması tarixi hadisədir: “Şahdəniz” layihəsi üzrə saziş 20 il bundan əvvəl imzalanıb və bu illər ərzində uğurla icra edilir, bütün vəzifələr yerinə yetirilir. “Şahdəniz-2” layihəsinin ölkəmiz üçün əhəmiyyəti çox böyükdür.
Bu gün yola saldığımız dayaq bloku onu göstərir ki, Azərbaycan böyük işləri görməyə qadir bir ölkədir. Sevindirici hal ondan ibarətdir ki, bu dayaq bloku və platformanın üst tikililəri 100 faiz Azərbaycanda inşa edilir. Bu nəhəng qurğuların inşasında işləyənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu da “Əsrin kontraktı”nın nəticəsidir. 1994-cü ildə imzalanmış “Əsrin kontraktı”nın şərtlərindən biri də o idi ki, yerli mütəxəssislər, fəhlələr tədricən üstünlük təşkil etsin və artıq işləyənlərin 80 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır. Bu, yeni iş yerlərinin yaradılması deməkdir.
“Şahdəniz” layihəsinin icrasında 20 mindən çox Azərbaycan vətəndaşı işləyir, yaxşı maaş alır, təcrübə toplayır. Bu vətəndaşlar gələcəkdə digər layihələrdə işləyəcəklər. “Şahdəniz-2” layihəsi təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük əhəmiyyət daşıyan bir layihədir. İyirmi il bundan əvvəl saziş imzalanıb və bu gün biz bu sazişin gözəl nəticələrini görürük. Artıq neçə ildir ki, Azərbaycan qazı region ölkələrinə ixrac edilir. Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edib və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır. Bu rol getdikcə artacaq.
“Şahdəniz” və “Cənub Qaz Dəhlizi” layihələri dünyanın ən böyük enerji layihələrindəndir. “Cənub Qaz Dəhlizi”nin inşası da uğurla gedir. Bütün bu işlər əlaqəli şəkildə aparılır. Əminəm ki, cədvəl üzrə gedən işlər 2018-2020-ci illərdə tamamlanacaq və beləliklə, Azərbaycan qazı daha da böyük həcmdə qonşu ölkələrə, Avropa ölkələrinə nəql ediləcək.
“Cənub Qaz Dəhlizi” artıq 7 ölkəni birləşdirir. Azərbaycan bu istiqamətdə öz liderlik fəaliyyətini davam etdirir. Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iki dəfə iclası keçirilib. Biz yeni bir beynəlxalq əməkdaşlıq formatını yaratdıq. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya bu layihənin iştirakçılarıdır. Bununla bərabər üç Balkan ölkəsi — Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə növbəti mərhələdə qoşulacaqlar. Beləliklə, Azərbaycan qazının gələcəkdə müxtəlif ölkələrə ixracı üçün yeni imkanlar yaranır. Bunu tərəfdaşlarla birlikdə biz yaradırıq, Azərbaycan xalqı yaradır”.
Dövlət başçısı deyib ki, Azərbaycan dünya xəritəsində etibarlı tərəfdaş, hörmətə layiq olan ölkə kimi tanınır: “Biz bütün öhdəlikləri yerinə yetiririk, xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq. Onların sərmayələri qanun çərçivəsində qorunur. Əgər bu olmasaydı, heç kim Azərbaycana milyardlarla, on milyardlarla dollar sərmayə qoymazdı. Sərmayə qoyuluşu üçün Azərbaycan çox cəlbedici ölkədir. Şadam ki, indi nəinki neft-qaz sektoruna, digər sektorlara da yerli, xarici sərmayələr qoyulur. Bütün bu işlərin təməli 1994-cü il sentyabrın 20-də qoyulub. 1996-cı ildə “Şahdəniz” layihəsi üzrə sazişin imzalanması növbəti uğurlu addım idi.
Bu gün artıq Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur. Hasilat, nəqliyyat artacaq, Azərbaycan gələcəkdə tranzit funksiyalarını da oynaya bilər. Necə ki biz indi neftin, neft məhsullarının daşınması üçün bu rolu oynayırıq. Beləliklə, ölkəmizin qüdrəti, əhəmiyyəti artacaq, Azərbaycan xalqı daha da yaxşı yaşayacaq”.