2016-cı ilin yanvar-iyul aylarında Ermənistanın xarici ticarət dövriyyəsi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3% artaraq 2 milyard 658,9 milyon dollara çatıb. Novator.az-ın məlumatına görə, Milli Statistika Xidməti avqustun 31-də belə hesabat yayıb.
Rəsmi hesabata əsasən, 2016-cı ilin yanvar-iyul aylarında Ermənistanın ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5% artaraq 969 milyon dollar olub, idxal isə 4,4% azalaraq 1 milyard 689,8 milyon dollara düşüb. Xarici ticarətdə 720,8 milyon dollarlıq mənfi saldo yaranıb.
2016-cı ilin 7 ayında Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 10% artıb.
Milli Statistika Xidmətinin məlumatına görə, hesabat dövründə Ermənistanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmində 5,9%, Avropa İttifaqı dövlətləri ilə ticarət dövriyyəsinin həcmində 1,3% artım qeydə alınıb. Ermənistanın digər ölkələrlə ticarət dövriyyəsinin həcmi də artıb: 2%.
Novator.az xatırladır ki, 2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarətinin həcmi ötən ilin 7 ayına nisbətən 26,89% azalaraq 9 milyard 347 milyon ABŞ dolları olub. İdxal (4 milyard 757,2 milyon dollar) ixracı (4 milyard 589,7 milyon dollar) üstələyib.