Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən “Məlumat mübadiləsi saatı”nın növbəti iclasında əhali üzrə proqnozların və demoqrafik proyeksiyaların hazırlanması məsələləri müzakirə olunub. Avqustun 31-də yayılan rəsmi məlumata görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə müsbət demoqrafik vəziyyətin olduğunu, əhalinin sabit artım tempinin müşahidə edildiyini vurğulayıb: “2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faiz artaraq 2016-cı il iyulun 1-nə 9 milyon 755,5 min nəfərə çatıb. 2015-ci ildə doğulanların sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2003-cü ildəki 14 nəfərdən 17,4 nəfərə qədər artıb. Proqnoz hesablamalara əsasən, ölkədə əhalinin sayı 2050-ci ildə 12 milyon nəfər olacaq”.
Nazir qeyd edib ki, ötən il ölənlərin sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2003-cü ildəki 6-dan 5,7-yə enib: “Eyni zamanda 2003-cü ildə hər 1000 diri doğulana 1 yaşa qədər ölən uşaqların sayı 15,5 və 5 yaşadək ölən uşaqların sayı 24,1 olubsa, 2013-cü ildə bu göstəricilər müvafiq olaraq 10,8-ə və 12,9-a qədər azalıb. Ötən ilin yekunlarına görə isə körpə ölümü göstəricisi hər 1000 diri doğulana 11 olub.
2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş, o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş idisə, 2015-ci ildə bu göstərici 75,2 yaş, o cümlədən kişilər üçün 72,7 yaş, qadınlar üçün isə 77,6 yaş səviyyəsində olub”.
Nazir diqqətə çatdırıb ki, qeyd edilən dövrdə əmək ehtiyatlarının sayı 29 faiz artaraq 4 milyon 923 min nəfərdən 6 milyon 335,9 min nəfərə çatıb: “Əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhalinin sayı 30 faiz, iqtisadi fəal əhalinin sayı isə 12 faiz artıb. Əhalinin sayında əmək ehtiyatlarının xüsusi çəkisi 2003-cü ildəki 59 faizdən 2015-ci ildə 65,3 faizə çatıb.
2003-cü illə müqayisədə 65 yaş və yuxarı yaşda olan əhalinin sayı 20 faiz artıb. Bu təbəqənin xüsusi çəkisi 6 faizdən 6,2 faizə qalxıb. Eyni zamanda 1990-cı illə müqayisədə bu yaşda olan əhalinin say artımı 67 faiz təşkil edib, xüsusi çəkisi isə 4,8 faizdən 6,2 faizə qədər yüksəlib”.
Ölkədən miqrasiya axınına toxunan nazir bildirib ki, 1990-cı illərin əvvəllərindən bu ənənə öz intensivliyi ilə fərqlənsə də, 2008-ci ildən başlayaraq miqrasiya saldosu müsbətə doğru dəyişib və 2015-ci ildə +1,1 min nəfər təşkil edib.
Ölkədə doğulanlar arasında cins nisbətinin pozulduğunun narahatedici məqam olduğu vurğulanıb. Nazir qeyd edib ki, diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 114 oğlan düşür: “Halbuki bioloji norma göstəricisi 105-107 təşkil edir. Təbii ki, bu, ilk növbədə valideynlərin uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər. Bu meylin davam etməsi gələcəkdə demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Ona görə də bu nisbətin böyüməsinin qarşısının alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə, həvəsləndirmə tədbirlərinin davam etdirilməsinə ehtiyac var. Bununla bağlı doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair fəaliyyət planının hazırlanması, ictimai maarifləndirmənin aparılması diqqətdə saxlanılır”.
Tədbirdə davamlı demoqrafik inkişafın təmin edilməsi üçün “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində dövlət proqramı (2016-2025-ci illər)” adlı yeni layihənin hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunduğu qeyd edilib. Məlumata görə, proqramda ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, ailələrə, xüsusilə gənc ailələrə sosial-iqtisadi dəstəyin gücləndirilməsi, əhalinin reproduktiv sağlamlığının, habelə ana və uşaqların mühafizəsinin gücləndirilməsi istiqamətləri əksini tapır.