Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-iyun aylarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, ölkə üzrə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı azalıb. 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 13,4 faiz, zərərçəkənlərin sayı isə 16,4 faiz düşüb. Zərərçəkənlərin 970 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 304 nəfəri həlak olub.
Yol-nəqliyyat hadisələrinin çox hissəsi (786) yaşayış məntəqələrində baş verib, 1095 nəfər zərər çəkib, onlardan 192 nəfər həlak olub, 903 nəfər isə yaralanıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 28,1 faiz, yaralananların sayı 13,6 faiz azalıb.
Bütün yol-nəqliyyat hadisələrinin 42,9 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 20,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 36,7 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 4,9 faiz, 26 faiz və 14,2 faiz düşüb.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş verib, nəticədə 37 nəfər zərər çəkib. Belə hadisələrin 87 faizini minik avtomobillərinin sürücüləri törədib.
2016-cı ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə 1387,8 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çox inzibati xəta aşkarlanıb. Xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,4 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,3 faizi yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə qeydə alınıb. Qaydaların pozulmasına görə 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.