“Manatın sabitliyini təmin edən şərait yoxdur”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev belə yazır. Ekspert bildirir ki, hətta neftin bahalaşması manatı xilas edə bilməyib: “Tələbatın yüksək olması idxalın artması, bankların borc öhdəliklərini yerinə yetirməsi, bağlanan bankların qaytarılan əmanətlərinin dollarlaşması, turizm mövsümü və sair amillərlə bağlıdır. Banklarda dollar qıtlığı var. Dollar ya ölü kapital kimi yatır, ya da kapital şəklində ölkəni tərk edir.
Sentyabrdan başlayaraq yeni şərait yaranır. Təəssüf ki, manatın sabitliyini təmin edəcək şərait yoxdur. Hətta Mərkəzi Bank valyuta hərracına 600 milyon dollar çıxarıb bankların tələbatını tam ödəsə belə, növbəti hərracda yeni tələbat yarana bilər. Səbəb sadədir. Ölkədən rəsmi və qeyri-rəsmi şəkildə kapital axını var. Ölkəyə isə həmişəkindən dəfələrlə az dollar gəlir. Valyuta gətirən kanallardan ancaq biri – Dövlət Neft Fondu işləyir. Mərkəzi Bank xeyli vaxtdır bazarda iştirak etmir və azalmış ehtiyatlarını qoruyur. Digər kanal olan SOCAR-ın başı öz problemlərinə qarışıb. 92 markalı benzinin idxalı SOCAR-a ayda təxminən 40 milyon dollara başa gələcək və istisna deyil ki, həmin vəsait bazardan götürüləcək. Ona görə də əsas yük Neft Fondunun üzərinə düşür. Fond 2016-cı ildə 3 milyard 151,9 milyon dollar satıb və onun üçün nəzərə tutulan normadan artıq dollar satmaq niyyətində deyil.
Qeyri-neft ixracına da bel bağlamaq olmaz. İlin 7 ayında xarici ticarət dövriyyəsində 167 milyon 466 min dollarlıq mənfi saldo yaranıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft ixracında 30 faiz azalma var. Belə vəziyyətdə tədiyyə balansında da mənfi saldonun olması şübhəsizdir”.
Neftin bahalaşmasına gəldikdə isə ekspert nikbinlik üçün əsas olmadığını bildirir: “ABŞ-ın Federal Ehtiyat Sistemi bu il 3 iclas keçirəcək və bir dəfə uçot dərəcəsinin artacağı güman edilir. Deməli, manata qüvvə verəcək daxili və xarici amillər yoxdur. Ona görə də proqnozlar əsasən manatın necə və hansı həddə qədər ucuzlaşa biləcəyi üzərində qurula bilər.
Hazırda hökumətdə manatın məzənnəsinə münasibətdə fikir ayrılığı var. Ən azı maliyyə blokunda Mərkəz Bankla Maliyyə Nazirliyi arasında həmişəki fikir ayrılığı qalır. Bir tərəf yumşaq, digər tərəf isə kəskin devalvasiyada maraqlıdır. Hələ ki, birincilər prosesi nəzarətdə saxlayır. Ona görə də gözlənilməz hal (neftin kəskin ucuzlaşması, siyasi gərginlik, maliyyə təşvişi) olmasa, ilin sonuna doğru manat dollara münasibətdə tədricən ucuzlaşacaq və 1 dollar ən azı 1,80 manata satılacaq.
Əvvəlki devalvasiyada olduğu kimi ikincilər təşəbbüsü ələ alsalar (büdcənin icrasında problemlər səbəbindən), onda manat daha kəskin ucuzlaşa bilər. Hər bir halda yumşaq devalvasiya siyasəti davam etdirilməlidir. Çünki kəskin devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb”.
2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Avqustun 25-də Mərkəzi Bank 1 dolları 1,6245 manata satır.
Manatın məzənnəsini nizamlamağa 2016-cı ilin yanvar-avqust aylarında 3 milyard 987,3 milyon dollar xərclənib. Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 151,9 milyon dollardır, Mərkəzi Bankdan isə 835,4 milyon dollar alınıb.