Bakının Qaradağ rayonundakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan keçmiş səhiyyə naziri Əli İnsanova yeni cinayət işi qaldırılıb. Sabiq nazir psixotrop maddə saxlamada, hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmədə və cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların saxlanmasında ittiham olunur. Vəkil Toğrul Babayev “Azadlıq” radiosuna deyib ki, Əli İnsanov irəli sürülən ittihamları qəbul etməyərək istintaqa ifadə verməyib.
Cinayət işini avqustun 24-də Qaradağ Rayon Prokurorluğu qaldırıb. Həmin gün Qaradağ Rayon Məhkəməsi Əli İnsanovun istintaq təcridxanasına köçürülməsi barədə qərar qəbul edib.
Əli İnsanovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərara görə, o, avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb. Sabiq nazirin istifadəsi qadağan olunmuş 60 ədəd “Tramadol” dərmanı saxladığı da bildirilir.
Vəkil Toğrul Babayevin sözlərinə görə, sabiq nazir deyib ki, ittihamlar onu azadlığa buraxmamaq məqsədindən irəli gəlir. Əli İnsanov oktyabr ayında azadlığa çıxmalı idi.
Transparency.az qeyd edir ki, 1946-cı il martın 22-də Ermənistanın Ləmbəli kəndində anadan olan Əli İnsanov Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Tibb elmləri doktorudur.
1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Hakim Yeni Azərbaycan Partiyasının qurucularından olan Əli İnsanov səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub.
2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə tutulan Əli İnsanov sonra iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı dəyişməyib. 2016-cı il iyunun 9-da Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin bu qərarını qüvvədə saxlayıb.