Gənclər və idman naziri Azad Rəhimov avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunları ilə bağlı sualları cavablandırıb. AZƏRTAC-ın məlumatına görə, Azad Rəhimov jurnalistlərlə söhbətində deyib ki, idmançılar Azərbaycan tarixinə yeni bir səhifə yazıb: “18 medal Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycanın idman sahəsində effektiv bir dövlət olduğunu nəzərə alsaq, qazanılan nəticələr heç də gözlənilməz deyil. Böyük Britaniyanın “Teleqraf” qəzetinin apardığı təhlillərə əsasən, Azərbaycanın olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib. Medal sayı baxımından biz dünyada 207 ölkə arasında 15-ciyik. Bu doğrudan da inanılmaz nəticədir. Avropa ölkələri arasında biz 7-ci, islam dövlətləri arasında 1-ci, MDB məkanında 2-ciyik. Medalın keyfiyyəti baxımından 39-cu yeri tuturuq”.
Komandadakı legionerlərlə bağlı sualı cavablandıran nazir qeyd edib ki, onlar da Azərbaycan vətəndaşıdır: “Burada yaşayaraq, hazırlaşaraq medal qazanırlar. Bu, bütün idman növləri üçün böyük bir inkişafdır. Biz həmin legionerləri dəstəkləyirik və onlara heç bir fərq qoymuruq”.
Nazir qeyd edib ki, Azərbaycanda hər bir idman növü üzrə lazımi maddi-texniki baza formalaşdırılıb, idmançılara hər cür şərait yaradılıb: “Bu şərait olimpiya standartlarına tam uyğundur. Azərbaycan idman ölkəsinə çevrilib və bu, müvafiq beynəlxalq təşkilatlarda da etiraf olunur”.
Azərbaycan 56 idmançı ilə qatıldığı Rio-de-Janeyro olimpiadasını 18 medalla başa vurub. Ölkəni təmsil edən idmançılar olimpiadada 1 qızıl (taekvondo), 7 gümüş (3-ü güləş, 2-si cüdo, 1-i avarçəkmə, 1-i boks), 10 bürünc (6-sı güləş, 2-si taekvondo, 1-i avarçəkmə, 1-i boks) qazanıblar. 18 medalın 11-ni (o cümlədən qızıl medalı) legioner (gəlmə) idmançılar əldə edib.
Ümumən 86 ölkə olimpiadada medal götürə bilib. 58 ölkə qızıl medala sahib çıxıb. Daha 1 qızılı Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında yarışan idmançı qazanıb.
Yay Olimpiya Oyunlarında ABŞ 46 qızıl medalla hamını geridə qoyub. Böyük Britaniya 27, Çin 26 qızıl əldə edib.
Keçmiş SSRİ məkanı ölkələrindən Rusiya 19, Özbəkistan 4, Qazaxıstan 3, Ukrayna və Gürcüstan 2, Belarus, Ermənistan, Tacikistan 1 qızıl götürüb.
Qonşu İran aktivinə 3 qızıl, Türkiyə 1 qızıl yazdırıb.