Əmlak Məsələləri Dövlət Komitəsi 138 dövlət əmlakının özəlləşdirilməsi barədə hərracların vaxtını açıqlayıb. Hərraclar sentyabrın 14-ü və 20-də komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin binasında (Bakı, Heydər Əliyev prospekti, 139A) təşkil ediləcək.
AZƏRTAC-ın məlumatına görə, hərraca çıxarılan əmlakların 50-si iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30 faizlik səhm paketləri, 62-si qeyri-yaşayış sahələri, kiçik əmlak və obyektlər, 26-sı isə nəqliyyat vasitələridir.
Əmlak Məsələləri Dövlət Komitəsi qeyd edir ki, KİV nümayəndələri və vətəndaşlar İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində hərracların gedişini və dövlət əmlakının satışının necə həyata keçirildiyini izləyə biləcək.