Rusiyanın Rostov şəhərindəki Don Dövlət Texniki Universitetinə məxsusi mərasimləri çıxmaq şərtiylə milli paltarda gəlmək və universitetdə milli mədəniyyət xüsusiyyətlərini nümayiş etdirmək qadağan olunub. Novator.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında universitetin rektoru Besarion Mesxi deyib.
Besarion Mesxi əvvəllər bəzi tələbələrin hicab geyindiyini vurğulayıb: “Bu gün bizdə milli geyimi nümayiş etdirmək olmaz. Bizim universitet əcnəbilər də daxil olmaqla müxtəlif millətlərdən olan adamların təhsil aldığı kübar bir müəssisədir. Bizdə sivil qaydaya uyğun paltarlar – köynək, şalvar, qalstuk geyinmək olar”.
Rektor bildirib ki, qadağalar içərisində “Ləzginka” kimi milli rəqslər də yer alır: “Şəhər Günü bayramında Rostov sahili ilə gəzəndə bizi milli qruplar öz rəqs və mahnılarıyla qarşılayır. Heç kim onlardan niyə “Ləzginka” oynadıqlarını soruşmur. Çünki bu heç kəsi narahat etmir, bu, bayramdır, bir ənənədir. Bəs gecə hamının yatdığı vaxt yataqxananın qarşısında rəqs səhnələri düzəldilərsə? Elə olub ki, hətta bizim baş tədris korpusunun önündə də tələbələr rəqs ediblər”.
Besarion Mesxi Qafqaz rəqslərini sevdiyini söyləyib: “Amma onlar – Qafqazdan və digər respublikalardan olan tələbələr öz bacarıqlarını ali məktəbdə yalnız buna uyğun mərasimlər keçiriləndə göstərə bilərlər”.