Avqustun 20-də AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirli Bakıda saxlanıb. Saxlanandan sonra onun evində və avtomobilində axtarış aparılıb. Avtomobilin yük yerindən ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin kitabları və disklər götürülüb.
Şübhəli şəxs qismində 48 saatlığa saxlanan Faiq Əmirli Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) üzrə ittiham irəli sürüldüyü bildirilir.
Faiq Əmirlinin həbsinin Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə başlanan cinayət işi ilə bağlı olduğu və onun bu iş üzrə şübhəli şəxs qismində dindirildiyi xəbər verilir.
İyulun 15-i Türkiyədə dövlət çevrilişinə cəhd olub. Türkiyə hakimiyyəti bu cəhdin başında Fətullah Gülənin durduğunu iddia edir. Azərbaycan hüquq mühafizə orqanları Fətullah Gülənin Azərbaycandakı tərəfdarlarına qarşı da cinayət təqibinə başlandığını bəyan edib.
Vəkil Aqil Layıcov avqustun 20-də jurnalistlərə bildirib ki, Faiq Əmirli avtomobilindən çıxan kitabların ona aid olmadığını deyir.
Faiq Əmirlinin qayınatası Zakir Allahverdiyev də “Azadlıq” radiosuna bildirib ki, Faiqdə heç vaxt belə kitablar olmayıb: “Kitabları axtarış aparanlar Faiqi şərləməkdən ötrü özləri maşına qoyublar”.
AXCP rəhbərliyi və “Azadlıq” qəzetinin redaksiyası Faiq Əmirliyə qarşı ittihamların uydurma olduğunu, kitab və disklərin onun avtomobilinə qəsdən qoyulduğunu bəyan edir.
Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında deyilir ki, Faiq Əmirlini “gülənçi” kimi təqdim etməyə çalışmaqla hakimiyyət bir tərəfdən AXCP sədri Əli Kərimliyə qarşı uydurduğu Gülənlə əlaqə iddiasını möhkəmlətmək, o biri tərəfdən də “Azadlıq” qəzetini bağlatmaq üçün zəmin yaratmaq istəyində ola bilər.
AXCP sədri Əli Kərimli “Azadlıq” radiosuna açıqlamasında vurğulayıb ki, avqustun 19-da partiyanın Xətai Rayon Gənclər Təşkilatının sədri Fuad Əhmədliyə “gülənçi” adı ilə cinayət işi açılması, avqustun 20-də isə köməkçisi və “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin həbsi əslində AXCP-yə və partiya sədrinə qarşı yönəlib: “Bir neçə gün öncə Azərbaycan hökumətinin Rusiyayönümlü mətbuat orqanları, həm də Rusiyanın dövlət televiziyası birlikdə bir kampaniyaya başladılar. Xalq Cəbhəsi Partiyasını və şəxsən məni Fətullah Gülənlə əlaqələndirməyə cəhd elədilər. Bu böhtan kampaniyası start götürəndən sonra yerli əməliyyatçılar da işə başladılar. Avqustun 19-da Fuad Əhmədlini saxlayıblar. Fuad Əhmədli müasir, liberal düşüncəli bir gəncdir. Heç bir dini qrupla əlaqəsi olmayıb, onu da şərləyiblər. Onu Gülənin tərəfdarı kimi təqdim edib haqqında cinayət işinə başlayıblar. Avqustun 20-də isə Faiq Əmirlini tutublar. Faiqin maşınından Gülənin kitablarının və CD disklərin çıxarılması birmənalı şəkildə səriştəsiz təxribatdır”.
Əli Kərimlinin fikrincə, bütün bunlar sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar AXCP-nin və Demokratik Qüvvələrin Milli Şurasının planlaşdırdığı mitinqlərə görədir.
Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə referendum keçiriləcək. Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişiklik təklifi yer alır. Ana qanuna bir neçə yeni maddə də təklif olunur. Dəyişikliklər prezident seçilmək üçün 35, deputat olmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir. Başqa bir yenilik vitse-prezidentlər postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.
Avqustun 19-da Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycanda mobil rabitə xidmətləri göstərən şirkətlərin müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər kimi belə tədbirləri keçirməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları — İsrayılov Şahin İsrayıl oğlu, Əhmədli Fuad Zəfər oğlu, Musayev Etibar İmamqulu oğlu və Qasımov Vüqar Şəmisdan oğlu saxlanılıblar. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında adı çəkilən Əhmədli Fuad Zəfər oğlu AXCP-nin Xәtai Rayon Gәnclәr Tәşkilatının sәdridir. Sözügedən rəsmi məlumatda deyilir ki, Fuad Əhmədlinin yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fətullah Gülənin çıxışları olan vərəqələr, “Gülən camaatı” adlandırılan qrupun üzvləri, “Hizmət imamları” adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər aşkar edilib.