Avqustun 18-də Vergilər Nazirliyi “İqtisadi inkişaf üçün yeni imkanlar” adlı material yayıb. Qeyd olunur ki, prezidentin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il sərəncamıəsaslı islahatlara yol açacaq: “Həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əlavə dəyər vergisi (ƏDV) ilə bağlı məqamlar xüsusi diqqət çəkir. Məsələn, sərəncamda qeyd olunur ki, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq.
Kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla digər vergilərin ödənilməsindən azad edilib. Hazırda pərakəndə satış zamanı həmin məhsulların dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir. Bununla yanaşı ƏDV ödəyicisi olmayan şəxslərdən alınmış mallar da ticarət şəbəkələrində 18 faiz dərəcə ilə ƏDV tətbiq edilməklə satılır. Kənd təsərrüfatı məhsullarının qiymətlərində süni artımın olması onların ticarət dövriyyəsinə mənfi təsir göstərir.
Qanunvericiliyə uyğun olaraq ƏDV tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Vergi Məcəlləsində ƏDV tutulan əməliyyatın dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından ticarət şəbəkələri ümumi dövriyyədən ƏDV hesablamalı olurlar, bu da pərakəndə satış qiymətində artıma səbəb olur. Yeni islahatlar isə bu sahəni əhalinin və sahibkarın xeyrinə tənzimləyəcək”.
Vergilər Nazirliyi bildirir ki, ƏDV son istehlakçıdan alınan istehlak vergisidir və bu verginin ticarət əlavəsindən hesablanması qiymətlərin aşağı düşməsi ilə nəticələnməlidir: “Bu da sahibkarın dövriyyəsinin, son nəticədə isə mənfəətinin artmasına müsbət təsir göstərəcək. Ona görə də pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-dən azad olunan mallar və ƏDV ödənilməklə alınmış malların hər birinin uçotunu ayrı-ayrılıqda aparmaldır. Əgər uçotu aparılmazsa, ƏDV ümumi dövriyyəyə tətbiq olunacaq.
4 avqust sərəncamından irəli gələn məsələlər pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin dairəsinin dəqiq müəyyənləşdirilməsini zəruri edir. Hazırda topdansatış fəaliyyəti ilə məşğul olan şəxslər malların satışı zamanı əksər hallarda ciddi hesabat blanklarından istifadə etmir. Həmin obyektlərdə malların pərakəndə qaydada da satışı həyata keçirilir və bu onların vergitutma obyektinin müəyyən edilməsində çətinliklər yaradır. Topdan və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsinə zərurət yaranır.
Ekspertlərin fikrincə, bu addım topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyiciləri üçün daha konkret meyar və ya sərhədlərin müəyyənləşdirilməsi və fərqli vergi yüklərinin müəyyənləşdirilməsinə səbəb olacaq. Ticarət növləri üzrə fərqli vergi güzəştləri tətbiq edilə bilər, bu da öz növbəsində sağlam rəqabət mühitinə yol açar.
Əlavə dəyər vergisi ilə bağlı digər məqam bir sıra istehlak mallarının qiymətlərinin həmin mallara 18 faiz dərəcə ilə tətbiq edilən ƏDV-nin differensiallaşdırılması yolu ilə tənzimlənməsini nəzərdə tutur. Beynəlxalq təcrübədə bir sıra mallara, o cümlədən uşaq qidalarına, məktəbli ləvazimatlarına, dərman vasitələrinə, əlillər üçün tibbi məhsullara və avadanlıqlara, kitablara və bir sıra xidmət növlərinə ƏDV-nin diffrensiallaşdırılmış dərəcəsi tətbiq edilir. Bu məqsədlə beynəlxalq təcrübə öyrənilərək Vergi Məcəlləsinə müvafiq dəyişikliklər olunacaq.
Ekspertlərin qənaətinə görə, ƏDV-nin differensiallaşdırılması stimullaşdırıcı xarakter daşıyır. Differensial ƏDV ilə kiçik sahibkarlığın inkişafına imkan yaranır, müəssisə daha çox böyüməyə meylli olur. Eyni zamanda bu addım sahibkarlıq subyektlərinin sayının artımına gətirib çıxarır. Sahibkarlıq subyektlərinin sayı artdıqca da vergi ödəyicilərinin sayı artmış olur”.