NİDA Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər saxlanıb. “Azadlıq” radiosunun müxbiri xəbər verir ki, Turqut Qəmbəri NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Elgiz Qəhrəmanın məhkəmə prosesi ərəfəsində – Bakı Apellyasiya Məhkəməsinin binası qarşında saxlayıblar.
Turqut Qəmbəri saxlayanlar mülkü geyimdə olub. Onlar Turqutu Bakı Baş Polis İdarəsinə apardıqlarını deyiblər. Vəkil Nemət Kərimli Turqut Qəmbərlə getmək istəsə də, buna imkan verilməyib.
Həmin gün bir neçə saat sonra Turqut Qəmbər sərbəst buraxılıb.
Turqut Qəmbər Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin oğludur.
Elgiz Qəhrəman avqustun 12-də saxlanıb. Avqustun 15-də bəlli olub ki, Nərimanov Rayon Məhkəməsi avqustun 13-də onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Elgiz Qəhrəman narkotik vasitələri, psixotrop maddələri, onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmada ittiham olunur. Bu ittihamla gənc fəal əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmana qarşı ittihamların əsassız olduğunu, onun siyasi mövqeyinə görə tutulduğunu bəyan edir.
Elgiz Qəhrəmanın həbsindən verilən şikayətə avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində baxılması nəzərdə tutulub.