Avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsi Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin işi üzrə hazırlıq iclasını davam etdirib.
Beynəlxalq Banka külli miqdarda ziyan vurulması faktı ilə əlaqədar işin istintaqını Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb. İstintaq bildirir ki, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyev digər şəxslərlə qabaqcadan əlbir olaraq mütəşəkkil qrup yaradıb və həmin qrupa rəhbərlik edib, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib. İddiaya görə, Cahangir Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan Beynəlxalq Bankın filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər, Beynəlxalq Banka ümumilikdə 211 milyon 597 min manat məbləğində ziyan vurublar.
Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə və digər 7 şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.
Cahangir Hacıyev 2015-ci ilin dekabrından həbsdədir.
APA-nın məlumatına görə, avqustun 17-də hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə çıxış edən Cahangir Hacıyev özünü təqsirli bilmədiyini deyib: “Cinayət işi açılanda mən xaricdə idim, ancaq zəng edib məlumat verən kimi ölkəyə gəldim. Nə vaxt istintaqa dəvət ediblərsə, getmişəm və 11 dəfə istintaqa ifadə vermişəm. Ötən ilin dekabrında həbs qərarı çıxarıldı. 38 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanmışam. Mənim bir günahım olsaydı, vətənə qayıtmazdım.
Digər təqsirləndirilən şəxslərlə birlikdə çalışmışıq və işimizdə də heç bir problem olmayıb. İstintaq düzgün aparılmayıb. İttiham aktında 49 fiziki şəxsə kreditin verilməsi ilə bağlı məlumat yer alıb. Kreditlərin hansı sahə üzrə ayrılması, necə ödənilməsi barədə sənədləri istintaqa biz təqdim etmişik. Bu işdə mənimsəmə olduğu deyilir. Ancaq pulu götürən şəxslərin heç biri pulu kimə verdiyini demir. Mənim və ya digər təqsirləndirilən şəxslərin adları çəkilmir. Burada mənimsəmə haradadır?
Beynəlxalq Bankın Audit Komissiyasının üzvləri Maliyyə Nazirliyinin işçiləri idi. Onlar bankda oturub bütün qərarlara qol çəkiblər. Amma ittiham aktında Audit Komissiyasında, Maliyyə Şurasında, bankın İdarə Heyətində olan şəxslərlə bağlı heç nə yoxdur. Bu məsələlər mütləq araşdırılmalıdır. Maliyyə naziri Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta özü burada mənim yanımda əyləşməlidir. Bunu sübut eləyən faktlarım var. Bəzi kreditlərin ödənilmədiyi deyilir, lakin onların hələ ödəniş vaxtı başa çatmayıb. İndi hamının krediti var. Ölkədə 2 milyon insanın kredit borcu olduğu bilinir. Onda bank sistemini ləğv edib kredit verənləri tutmaq lazımdır”.