İqtisadçı ekspert Qubad İbadoğlu Əmlak Məsələləri Dövlət Komitəsinin 65 dövlət əmlakını özəlləşdirmək qərarını şərh edib.
Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb. Rəsmi məlumata görə, bu tədbirlər prezidentin 19 iyul 2016-cı il fərmanına və dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun həyata keçirilir.
Komitə 65 dövlət əmlakının özəlləşdirilməsi üçün hərraclar elan edib. Bu əmlakların 25-i səhmdar cəmiyyətlər, 2-si qeyri-yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. Özəlləşdirməyə çıxarılan müəssisələr nəqliyyat, xidmət, kənd təsərrüfatı, o cümlədən qida istehsalı, inşaat və ticarət sahəsində fəaliyyət göstərir.
Transparency.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, özəlləşdirməyə təqdim edilən bir çox obyektin səhmləri 70 faiz ətrafında və ya ondan çox satılıb, satışa çıxarılan isə zamanında satılmayan səhmlərdir: “Özəlləşdirmənin ilk sxeminə görə, təqdim olunan obyektlərin 70 faizi vaxtilə dövriyyədə olan çeklərlə satılırdı, onların da 15 faizini kollektivin almaq hüququ vardı. Bu yanlış sxemin tətbiqindən sonra bir çox səhmdar cəmiyyətin səhmlərinin nağd satışa çıxarılan hissəsi – 30 faizi satılmamış qaldı. Elə bu səbəbdən də birinci özəlləşdirmə çərçivəsində dövlət büdcəsi ciddi maliyyə qazana bilmədi. Çünki səhm nəzarət paketi başqasının nəzarətində olan müəssisələrə adətən yeni investor maraq göstərmir.
Təhlil göstərir ki, özəlləşdirməyə təqdim olunan bir çox müəssisə fəaliyyətsizdir və yaxud illərlə dayanandan sonra işini qismən bərpa edib. Məsələn, “Lənkəran Broyler” Açıq Səhmdar Cəmiyyətinin, çörək məmulatlarının istehsalı və satışı üzrə ixtisaslaşmış “Şəmkir” Açıq Səhmdar Cəmiyyətinin, “Zaqatala Avtonəqliyyat” Açıq Səhmdar Cəmiyyətinin və digərlərinin işçilərinin sayı 1 nəfər göstərilib. Müəssisələr arasında zərərlə işləyənlər, kreditor borcu olanlar da kifayət qədərdir. Odur ki, səhmlərinin 70 faizinə qədəri satılan (səhm nəzarət paketi 1 nəfərin və qrupun əlində olan), debitor borcları olan, zərərlə işləyən və yaxud fəaliyyət göstərməyən belə obyektlərin özəlləşməsindən yaxşı nəticə gözləmək sadəlövhlükdür. Əmlak Məsələləri Dövlət Komitəsi belə müəssisələri özəlləşdirməyə çıxarmaqla çox uğursuz layihəyə imza atıb. Çox güman ki, hərraca çıxarılan bu müəssisələrin çoxu satılmayacaq. Komitənin bu təşəbbüsünü prezidentin fərmanının icrasına uğursuz yanaşma kimi dəyərləndirmək olar”.
Transparency.az xatırladır ki, bu il mayın 10-da Əmlak Məsələləri Dövlət Komitəsi “Azərbaycanda mülkiyyət islahatları və özəlləşdirmə: sosial-iqtisadi nəticələr və inkişaf meylləri” adlı hesabat yayıb. Hesabata görə, 1996-cı ildən indiyədək 50 minə yaxın dövlət müəssisə və obyekti özəlləşdirilib: “Özəlləşdirmə prosesində orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində 1600-ə yaxın səhmdar cəmiyyət yaradılıb və sonradan özəlləşdirilib. Özəlləşdirmənin başlandığı dövrdən dövlət büdcəsinə müəssisə və obyektlərin özəlləşdirilməsindən təxminən 600 milyon manat daxil olub.
Özəlləşdirmə prosesində 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib, 550 milyon ABŞ dolları məbləğində vəsait investisiya şəklində qoyulub”.