ABŞ Dövlət Departamenti müxalif REAL Hərəkatının liderlərindən olan Natiq Cəfərlinin həbsinə münasibət bildirib. “Azadlıq” radiosunun məlumatına görə, Birləşmiş Ştatların həbsdən narahat olduğunu vurğulayan Dövlət Departamentinin sözçüsü Mark Toner deyib: “Biz başqa fəalların da həbslərindən narahatıq. Azərbaycan hökumətini təməl hüquqlarından istifadə etdiklərinə görə tutulmuş fəalların azad edilməsinə, vətəndaşların təməl azadlıqlarına hörmət göstərilməsinə, xüsusilə də konstitusiyaya düzəlişlər üçün keçirilən 26 sentyabr referendumu ərəfəsində ölkənin hərəkət istiqamətinə dair açıq və ictimai dialoqa imkan yaradılmasına çağırırıq”.
Dövlət Departamentinin bəyanatında Azərbaycan hökumətinə referendumla bağlı çağırış yer alır: “Biz hökuməti nəzərdə tutulan konstitusiya dəyişikliklərini müştərək rəy verilməsi üçün Avropa Şurasının Venesiya Komissiyasına və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İnstitutuna təqdim etməyə çağırırıq”.
Natiq Cəfərli avqustun 12-də tutulub, Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Avqustun 15-də Baş Prokurorluq Natiq Cəfərlinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, Natiq Cəfərli 2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan Demokratiyaya Milli Dəstək Fondundan özünün bilavasitə həyata keçirdiyi layihələr üzrə ayrılmış 94 565 ABŞ dolları məbləğində pulu “Bank Respublika” ASC-nin Nərimanov filialında yerləşən bank hesablarına köçürülməsini təmin edib, nağdlaşdırıb götürərək qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib, 71 334 manat məbləğində gəlir əldə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub. Açıqlamaya görə, Natiq Cəfərli iş üzrə verdiyi ifadələrində qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkliyi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib.
REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü ildən həbsdədir. O, həmin il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 7 il müddətinə azadlıqdan məhrum edilib.
Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə referendum keçiriləcək. Dəyişikliklər prezident seçilmək üçün 35, deputat olmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir.
REAL Hərəkatı referenduma çıxarılan təkliflərin əleyhinədir və hərəkat rəhbərliyi Natiq Cəfərlinin həbsini həm də bununla əlaqələndirir. Natiq Cəfərli REAL-ın 26 sentyabr referendumu ilə bağlı yaratdığı “Respublikaçı Alternativ” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsidir.