Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 15-i Bakıda rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə görüşüb. Mod.gov.az-ın məlumatına görə, geniş tərkibdə keçirilən görüşdə çıxış edən Zakir Həsənov Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını, əməkdaşlığın dostluq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.
Müdafiə naziri Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazilərin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin mövcudluğu problemini qonaqların diqqətinə çatdırıb.
Sergey Şoyqu iki ölkənin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edərək bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha vurğulayıb.
Tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.
Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, Xəzər dənizində hərbi əməkdaşlıq, o cümlədən birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət heyətlərin qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev isə Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini avqustun 14-də qəbul edib.