Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya şikayəti verilib. Bunu Report.az-a vəkil Cavad Cavadov deyib.
Vəkilin sözlərinə görə, şikayət ərizəsinin Bakı Apellyasiya Məhkəməsinə avqustun 15-də təqdim edib.
Natiq Cəfərli avqustun 12-də tutulub. Həmin gün o, əvvəlcə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Gecə saatlarında isə Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Natiq Cəfərlinin yaşadığı mənzildə axtarış aparılıb, sənədlər, kompüterlər, zinət əşyaları götürülüb.
Natiq Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham olunur.
Vəkil Cavad Cavadov “Turan”a açıqlamasında deyib ki, Natiq Cəfərli tutulanadək Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılan, “QHT işi” adlanan cinayət iş üzrə dəfələrlə istintaq orqanına çağırılıb və ifadə verib. Vəkil vurğulayıb ki, Natiq Cəfərlinin həbsi üçün hər hansı hüquqi əsas mövcud deyil: “Onun həbsini ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirirəm. Hətta ona elan edilən Cinayət Məcəlləsinin 192-ci maddəsi dekriminalizasiya olunub. Buna baxmayaraq Natiq Cəfərliyə həmin maddə ilə ittiham irəli sürülüb”.
REAL Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, Natiq Cəfərliyə qarşı irəli sürülən ittihamlar 2013-14-cü illərdə bir qrup fəala qarşı aparılan cinayət işinin tərkib hissəsidir: “Mən İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayılı nəzərdə tuturam, onlara vergidən yayınma və qanunsuz sahibkarlıqla bağlı ittihamlar irəli sürülmüşdü. Həmin vaxt Natiq Cəfərli də istintaqa cəlb olunmuşdu. Ancaq sonra ona prokurorluq rəsmi akt verdi ki, Natiq Cəfərli ilə bağlı cinayət təqibi üçün əsas yoxdur. Sanki həmin vaxt iş bağlanmışdı. İndi yenidən bəhanə kimi istifadə edirlər”.
Avqustun 13-də REAL-ın yaydığı bəyanatda və hərəkat rəhbərliyinə daxil olan bir sıra şəxslərin keçirdiyi mətbuat konfransında Natiq Cəfərlinin həbsi siyasi sifariş kimi qiymətləndirilib.
Natiq Cəfərli 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1996-cı ildə hərbi xidmətini başa vurandan sonra bir neçə il biznes fəaliyyəti ilə məşğul olub. 2008-ci ildə Strasburqda Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbini, 2009-cu ildə Vaşinqtonda ABŞ Dövlət Departamentinin Liderlik Proqramını bitirib. 2008-ci ildə yaradılmış REAL Hərəkatının həmtəsisçidir.
REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü ildən həbsdədir. O, həmin il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb. 2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, ona 22 min avro kompensasiya ödənilməsi tələbini qoyub. 2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. Aprelin 29-u Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb.
Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə referendum keçiriləcək. Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişiklik təklifi yer alır. Ana qanuna bir neçə yeni maddə də təklif olunur. Dəyişikliklər prezident seçilmək üçün 35, deputat olmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir. Başqa bir yenilik vitse-prezidentlər postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.
REAL Hərəkatı referenduma çıxarılan təkliflərin əleyhinədir və hərəkat rəhbərliyi Natiq Cəfərlinin həbsini həm də bununla əlaqələndirir. Natiq Cəfərli REAL-ın 26 sentyabr referendumu ilə bağlı yaratdığı “Respublikaçı Alternativ” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsidir.