Rəsmi məlumata görə, Azərbaycan əhalisinin sayı 2016-cı il iyulun 1-nə 9 milyon 755,5 min nəfər olub. Bəs ayrı-ayrı bölgələr üzrə göstəricilər necədir? Transparency.az Dövlət Statistika Komitəsinin saytında buna nəzər salıb.
İnzibati rayonların əhalisinin sayı barədə son hesabata əsasən, 2015-ci il yanvarın 1-nə paytaxt Bakının əhalisi 2 milyon 204,2 min nəfər olub. Paytaxt üzrə əhalinin sayı ən çox olan rayon kimi Xətai göstərilib: 270,7 min nəfər.
Binəqədi rayonu 257,9 min nəfərlə ikinci, Yasamal rayonu 243,6 min nəfərlə üçüncü sırada gəlib.
2015-ci ilin əvvəli üçün Sabunçu rayonunun əhalisi 236,5 min, Nəsimi rayonunun əhalisi 217,4 min, Suraxanı rayonunun əhalisi 212,3 min nəfər göstərilib.
Digər rayonların 2015-ci ilin əvvəlinə göstəriciləri belə olub:
Nizami — 193,8 min nəfər
Nərimanov — 173,1 min nəfər
Xəzər — 160,4 min nəfər
Qaradağ — 118,5 min nəfər
Səbail — 100,1 min nəfər
Pirallahı — 19,9 min nəfər.
2015-ci ilin əvvəlinə olan hesabata əsasən, Abşeron rayonunda 202,8 min nəfər yaşayıb.
Hacı Zeynalabdin Tağıyev və Corat qəsəbələri ilə birgə Sumqayıtın 332,9 min nəfər əhalisi olub.
Dövlət Statistika Komitəsi Gəncə şəhərinin 2015-ci ilin əvvəlinə olan əhalisini 328,4 min nəfər göstərib.
Qərb zonasında əhalisinin sayı ən çox olan rayon kimi Şəmkir qeyd edilib: 207 min nəfər.
Şəki-Zaqatala iqtisadi rayonunda əhalinin sayı baxımından 181 min nəfərlə Şəki birinci olub.
Cənub zonasında Lənkəran rayonu 220,8 min nəfərlə ilk sırada yer alıb. Masallı rayonunun 215,2 min nəfər, Cəlilabad rayonunun 209,3 min nəfər əhalisi olduğu bildirilib.
Şimal bölgəsində Xaçmaz rayonu 171,2 min nəfərlə birinci yerə qoyulub. 2015-ci ilin əvvəlinə Quba rayonunun əhalisi 163,9 min nəfər göstərilib.
Başqa rayonlara gəlincə, 2015-ci ilə Göyçayın əhalisi 115,8 min, Şamaxının əhalisi 99,7 min nəfər olub.
Bərdənin 151,2 min, Ağcabədinin 130,3 min, Yevlaxın 124,6 min nəfər əhalisi olduğu qeyd edilib.
Mingəçevir şəhərinin əhalisi 101,6 min nəfər göstərilib.
Salyanın 131,8 min nəfər, Sabirabadın 167,5 min nəfər əhalisi olduğu bildirilib.
2015-ci ilə Şirvan şəhərinin (Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri daxil olmaqla) 82,9 min nəfər əhalisi olduğu qeyd edilib.
Naxçıvan Muxtar Respublikasında isə 439,8 min nəfərin yaşadığı qeyd olunub. Bu il mayın 1-nə olan məlumata görə, muxtar respublikada əhalinin sayı 445 min 830 nəfərə çatıb.